DİABETİNİZİ NƏZARƏT ALTINDA SAXLAYIN

Şəkərli diabetlə yaşayarkən sağlamlığınızı qorumaq üçün edə biləcəyiniz çox şey var. Uğura gedən yol indi başlayır. Mükəmməlliyə deyil, irəliləməyə fokuslanın.

Riayət edəcəyiniz müalicə planının tərtib edilməsi

Müalicəyə yeni başlamağınızdan və ya şəkərli diabetlə uzun illər yaşamağınızdan asılı olmayaraq müalicə planının tərtib edilməsi doğru yolda addımlamağınıza kömək edə bilər.

Şəkərli diabetin müalicəsi ilə bağlı ilk növbədə yadda saxlamalısınız ki, dərmanlar yalnız onları həkim təyinatına uyğun olaraq qəbul etdiyiniz zaman öz təsirini göstərir. Bu o deməkdir ki, dərmanlar düzgün miqdarda, düzgün üsulla, düzgün vaxtda və həkimin təyin etdiyi tezlikdə qəbul edilməlidir.

Xatırladaq ki, dərmanlar diabetin müalicəsinin yalnız bir hissəsidir. Diabetin müalicəsində 4 təməl daşı mövcuddur:

Qidalanma

Fiziki aktivlik

Müalicə

Diabetə nəzarət

Diabetin müalicəsində bu amillərin hər biri mühüm rol oynayır. 4 təməl daşını nəzərə almaqla növbəti bir neçə həftə və ay üçün hədəflərinizi planlaşdırın.

Uğura gedən yol indi başlayır

Elə indi edə biləcəyiniz bütün addımlar barədə düşünün:

  • Diabet dərmanını və insulini təyin edildiyi kimi vaxtında qəbul etmək;
  • Qanda şəkərin səviyyəsinə mütəmadi nəzarət etmək;
  • Ailənizə, dostlarınıza və diabetə qayğı komandanıza sizə kömək etmələrinə imkan yaratmaq.

Diabetinizi daha yaxşı idarə etmək üçün müayinələrinizi mütəmadi olaraq davam etdirin

Diabetinizə nəzarət etməyə kömək edəcək bir neçə növbəti addım vardır:

  • Müalicə planınızı həkiminizlə müzakirə edin və müalicənizin dəyişdirilməsinə ehtiyac olub-olmadığını dəqiqləşdirin;
  • Mütəmadi olaraq göz və ayaq müayinələrinizi planlaşdırın;
  • Özünüzdə ruh düşkünlüyünün əlamətlərini hiss edirsinizsə mütəxəssislə məsləhətləşin;
  • Diqqətinizi müsbət məqamlara yönəldin;
  • İstirahət etmək və stresdən azad olmağın yollarını araşdırın;
  • Gecələr kifayət qədər yatmağı vərdiş halına gətirin;
  • Diabetinizin daha yaxşı idarə edilməsi istiqamətində göstərdiyiniz bütün səylər üçün vaxtaşırı olaraq özünüzü mükafatlandırın!
  • Hədəflərinizi bilin

    Qanda şəkərin gündəlik səviyyəsi

    Diabetin idarə edilməsinin bir hissəsi qanınızda şəkərin səviyyəsinin göstəricilərinin yoxlanılması və onların sağlamlığınıza necə təsir edəcəyini bilməkdir. Siz və həkiminiz qanda şəkərin səviyyəsinin sizin üçün uyğun olan hədəf göstəricilərini təyin edəcəksiniz. Gündəlik olaraq qanda şəkərin səviyyəsini yoxlamaq və göstəriciləri izləmək diabeti daha yaxşı idarə etməkdə sizə və həkiminizə kömək edəcəkdir.

    Hər dəfə qanınızda şəkərin səviyyəsini yoxlayarkən siz aşağıdakı vacib məlumatları öyrənəcəksiniz:

    • Qanınızda şəkərin səviyyəsinin həddən artıq yüksək və ya aşağı olduğunu;
    • Fiziki aktivliyin və qidanın qan şəkərinə necə təsir etdiyini;
    • İnsulin və ya digər diabet əleyhinə dərmanın effektiv olub-olmadığını.

    Siz və həkiminiz qanda şəkərin səviyyəsini nə zaman və hansı tezliklə yoxlamaq lazım olduğu barədə qərar verəcəksiniz. Qanda şəkərin səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş vaxtlar:

    • Yuxudan oyandıqdan sonra;
    • Yemək və qəlyanaltılardan əvvəl;
    • Fiziki hərəkət zamanı, ondan əvvəl və ya sonra;
    • Yatmazdan əvvəl;
    • Yeməkdən 2 saat sonra (hamilə qadınlarda 1 saat sonra).

    Amerika Diabet Assosiasiyası (ADA) tərəfindən bir çox yetkin insanlar üçün (hamilə qadınlar istisna olmaqla) qandakı şəkərin tövsiyə edilən hədəf göstəriciləri aşağıda qeyd edilmişdir (sizin hədəf səviyyəniz fərqli ola bilər):

    • Qanda şəkərin səviyyəsi yeməkdən əvvəl: 80-130 mq/dl
    • Qanda şəkərin səviyyəsi yeməyə başladıqdan 1-2 saat sonra: <180 mq/dl

    ADA əksər böyüklər üçün (hamilə qadınlar istisna olmaqla) HbA1c-nin hədəf göstəricisinin 7%-dən az olmasını təklif edir. Sizin fərdi hədəf göstəriciniz daha yüksək və ya daha aşağı ola bilər.

    Mükafata fokuslanın

    Qanda şəkərin səviyyəsini izləmək heç də hər zaman rahat deyil. Lakin bu diabetin müalicəsinin mühüm hissəsidir.

    Qanda şəkərin səviyyəsini davamlı olaraq yoxlamaq və xüsusilə də buna məcburiyyət olması stresli ola bilər. Hətta bəzi zamanlarda sizdə məyusluq hissi də yarana bilər. Lakin yadda saxlamaq lazımdır ki, qanda şəkərin səviyyəsini nə qədər çox yoxlasanız, diabetinizi daha yaxşı idarə edəcəksiniz. Bununla da qidalanmağınızı, fiziki aktivliyinizi və ya insulin dozasını daha düzgün tənzimləyə biləcəksiniz.

    Sizə bəzi məsləhətlərimiz var:

    • Sakit bir yer tapın: Sağlamlıq barədə məsələləri məxfi saxlamaq istəyi təbiidir. Şəkərölçən cihazdan istifadə etmək üçün tək qala biləcəyiniz sakit bir yer tapın. Qeyd edək ki, şəkərölçən cihazların əksəriyyəti çox kiçik, sürətli və səssizdir.
    • Gündəlik rejim qurun: Qanda şəkəri hər gün eyni vaxtda yoxlayın və dərhal qeyd edin ki, nəzarətdə saxlayasınız. Qeydlərinizi rahat bir yerdə saxlayın.
    • Mütəmadi olaraq qeydlər aparın: Həkiminizin sizə söylədiyi hər bir şeyi — qəlyanaltıları, içkiləri, karbohidrat tərkibini və fiziki hərəkətləri — vaxtında qeyd etmək narahatçılığınızın bir hissəsini aradan qaldıra bilər. Düşünə bilərsiniz ki, qeydləri sonra edərəm. Lakin bu zaman bəzi detalları xatırlamaya bilərsiniz. Eləcə də diabetinizlə bağlı yaranan bütün sualları evdə qeyd edərək qəbul zamanı həkiminizlə müzakirə edin.
    • Hər zaman öyrənməyə çalışın: Qanda şəkərin səviyyəsinin ölçülməsi uğurun və ya uğursuzluğun əlaməti deyil. Bu, qlükozanın səviyyəsinə nəzarət etməyə nələrin təsir etdiyini öyrənmək və gələcəkdə onları daha yaxşı idarə edə bilməyiniz üçün yaxşı imkandır. Tendensiyaları müəyyənləşdirməyi öyrənin: məsələn, karbohidratlarla zəngin olan yeməklərdən sonra qanda qlükozanın səviyyəsinin yüksəlməsi və ya fiziki hərəkətlərdən sonra azalması.
    • Özünüzə qarşı çox tələbkar olmayın: Qanda şəkərin səviyyəsinin göstəricilərinə görə "məqbul/qeyri-məqbul" qiymətləri verilmir. Bunlar sadəcə məlumatlardır. Şəkərölçən cihaz sadəcə olaraq diabetə daha yaxşı nəzarət etmək üçün qanda şəkərin səviyyəsini müəyyənləşdirməyə kömək edir.

    Texnologiyalar sizə necə kömək edə bilər?

    Tip 1 şəkərli diabetlə yaşayan bəzi insanlar gün ərzində Qlükozanın Fasiləsiz Monitorinqi (QFM) üçün daha yeni bir cihazdan istifadə edirlər. Bu cihaz gün ərzində fasiləsiz olaraq kiçik ötürücü (transmitter) vasitəsilə qan şəkəri haqqında məlumatı telefona və ya digər ağıllı cihazlara ötürür. QFM cihazlarının istifadəsi üçün işlədilən sensorların təsiretmə müddəti 2 həftədən 3 aya kimi ola bilər. Əgər sizə maraqlıdırsa, QFM-nin sizin üçün uyğun olub-olmadığını həkiminizdən soruşun.

  • Qanda şəkərin səviyyəsi normadan aşağı düşdükdə görüləcək tədbirlər barədə qısa məlumat

    Şəkərli diabet səbəbindən qanda şəkərin səviyyəsinin aşağı olmasını (hipoqlikemiya) necə öyrənmək və hansı tədbirləri görmək lazımdır?

    Hipoqlikemiya - qanda şəkərin miqdarının 70 mq/dl və ya daha aşağı səviyyəyə düşməsidir. Siz qanda şəkərin hansı səviyyəsinin sizin üçün həddən artıq aşağı olduğunu həkiminizdən soruşmalısınız. Qanda qlükozanın səviyyəsi aşağı olduqda buna qarşı tədbir görülməlidir və siz buna hazır olmalısınız. Buna görə də hipoqlikemiya əlamətlərini bilmək lazımdır.

    Qanda şəkərin səviyyəsinin aşağı düşməsinə nə səbəb olur?

    • Müəyyən dərmanların istifadəsi və karbohidratların çox az miqdarda qəbul edilməsi;
    • Yemək vaxtının ötürülməsi və ya gecikdirilməsi;
    • Həddindən artıq insulin və ya diabet əleyhinə dərmanın qəbul edilməsi (bunun sizə aid olub-olmadığını həkiminizdən soruşun);
    • Adi vaxtlarla müqayisədə daha artıq fiziki aktivlik;
    • Qida qəbul etmədən spirtli içkilərin istifadəsi.

    Qanınızda qlükozanın səviyyəsinin aşağı olmasının (hipoqlikemiya) əlamətlərini (simptomlarını) erkən mərhələdə tanıyın və tədbirlər görün

    Qanda şəkərin miqdarının azalması qəflətən və istənilən vaxt baş verə bilər. Əksər hallarda, siz onun əlamətlərini hiss edəcəksiniz. Bu əlamətləri dərhal bilmək və ona qarşı tədbir görmək yarana biləcək ağırlaşmaların qarşını almaqda sizə kömək edəcək.

    Fiziki simptomlar:

    • Titrəmə
    • Başgicəllənmə
    • Bayılma
    • Ürək döyüntülərinin tezləşməsi
    • Baş ağrısı
    • Aclıq hissi
    • Ürəkbulanma
    • Qıcolmalar (tutmalar)
    • Müvazinət pozulmaları
    • Yuxululuq
    • Tərləmə
    • Ağız ətrafında (dodaqlarda və ya dildə) keyləşmə hissi
    • Yorğunluq və süstlük

    Emosional simptomlar:

    • Təşviş hissi
    • Huşun bulanıqlaşması
    • Diqqət cəmləmənin çətinləşməsi
    • Əsəbilik
    • Gecələr qorxulu yuxugörmələr və ya yuxuda qışqırmalar
    • Şəxsiyyət dəyişkənliyi (səbəbsiz yerə ağlağanlıq)

    Qanda şəkərin səviyyəsi aşağı olduqda (hipoqlikemiya) nə etmək lazımdır?

    Hər hansı simptomlar meydana çıxdıqda və ya şübhələndiyiniz məqamlarda qanda şəkərin səviyyəsini dərhal yoxlamaq lazımdır. Əgər şəkərin səviyyəsi aşağıdırsa (hipoqlikemiya) və ya aşağı düşmə ehtimalı varsa, 15 qram tez mənimsənilən karbohidrat tərkibli qida və ya içki qəbul edin:

    "15 qram karbohidrat" necə müəyyənləşdirilməli?

    Qida və ya içki qəbul etdikdən sonra 15 dəqiqə gözləyin və qanda şəkərin səviyyəsini yenidən yoxlayın.

    Əgər şəkərin səviyyəsi yenə də aşağıdırsa, əlavə olaraq yenidən 15 mq karbohidrat qəbul edin.

    Qanda şəkərin səviyyəsi normaya qayıtdıqdan sonra əgər planlaşdırılmış növbəti qida qəbulunuz 1-2 saat sonra və ya daha gec olacaqsa, ara yeməyi və ya qəlyanaltı qəbul etməklə şəkər səviyyəsini normada saxlamağa çalışın.

    Qanda şəkərin səviyyəsinin aşağı düşməsini necə müalicə edəcəyiniz barədə hər zaman həkiminizlə məsləhətləşin. Əgər bu hal tez-tez baş verirsə, bu barədə həkiminizi məlumatlandırın. Diabetin müalicəsi üzrə dəyişiklik etmək üçün həkiminizlə birlikdə çalışmalısınız.

    Gecələr qanda şəkər səviyyəsinin aşağı düşməsi (gecə hipoqlikemiyası)

    Gecələr qanda şəkər səviyyəsinin aşağı düşməsinin əlamətlərinə aşağıdakılar aiddir:

    • Tərləmə: oyanarkən paltarlarınızın/yataq örtüyünün nəm olması
    • Baş ağrısı: oyanarkən baş ağrısı və/ və ya yorğunluq, əsəbilik, təlaş və ya huşun bulanıqlaşdığını hiss etmək
    • Yuxu pozulması: narahat və qorxulu yuxugörmələr

    Həmçinin də siz oyanarkən qanınızda şəkərin səviyyəsi yüksək ola bilər. Çünki gecə yuxuda hipoqlikemiya keçirmiş ola bilərsiniz və bu halda bədəniniz kompensator olaraq şəkər səviyyəsini bərpa etməyə çalışır.

    Gecələr qanda şəkərin səviyyəsinin azalmasının bəzi səbəbləri:

    • Həddən artıq fiziki aktivlik: Çox gərgin bir gün keçirmək və ya yatana yaxın fiziki işlərlə məşğul olmaq gecə qanda şəkərin azalmasına səbəb ola bilər. Bəzi insanlar üçün hətta günün ikinci yarısında idmanla məşğul olmaq gecə qanda şəkərin səviyyəsinin azalması ilə nəticələnə bilər.
    • Axşam saatlarında spirtli içki qəbul etmək: Spirtli içki qəbulu, xüsusilə çox miqdarda qəbulu, gecə qan şəkəri səviyyənizin aşağı düşmə riskinə səbəb ola bilər. Xüsusilə də əgər alkoqollu içkini acqarına vəziyyətdə qəbul edirsinizsə. Bu ona görə baş verir ki, qaraciyər orada toplanmış ehtiyat qlukozanı qana buraxmaq əvəzinə alkoqolun qandan təmizləməsi ilə məşğul olur. Əgər sizdə tip 1 şəkərli diabet varsa, alkoqollu içkilərin qəbulu, xüsusilə də çox miqdarda qəbulu, bir qayda olaraq tövsiyə edilmir.
    • Gec və ya yatmazdan əvvəl şam yeməyi: Hətta yatmazdan əvvəl qanınızda şəkərin səviyyəsi normal olsa belə, gec (yatmazdan bir neçə saat əvvəl) şam etmək gecə qanınızda şəkərin səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Gündüz və axşam qəbul etdiyiniz qidanın, fiziki hərəkətlərin və insulinin dozasının qan şəkəri göstəricilərinizə necə təsir etdiyini görmək üçün gecə vaxtı şəkərin səviyyəsini ölçə bilərsiniz.

    Gecələr qanda şəkər səviyyəsinin azalmasının qarşısını almaq üçün aşağıdakılar tövsiyə edilir:

    • Yatmazdan əvvəl və ya gecə saatlarında qan şəkərinin yüksək səviyyəsini tənzimləmək üçün qısamüddətli təsirə malik insulin qəbul etməyin. Bu, gecə saatlarında qanda şəkərin səviyyəsinin azalmasına səbəb ola bilər. Bir çox insanlar üçün tez təsir edən insulinin (qısamüddətli) hər bir vahidi qan şəkərini gecələr gündüzdən daha çox azalda bilər.
    • Potensial risklərin qiymətləndirilməsi: Gecə hipoqlikemiyasının bütün səbəbləri barədə düşünün. Sizdə və ya qayğı göstərdiyiniz şəxsdə hipoqlikemiya riskinin olduğunu hiss edirsinizsə, xüsusilə də, yatmazdan əvvəl qanda şəkərin səviyyəsi artıq aşağı düşübsə, yatmazdan əvvəl kiçik qəlyanaltı qəbulu hipoqlikemiya riskinin azaldılmasına kömək edə bilər.
    • İnsulin pompasından istifadəni nəzərdən keçirin: İnsulin istifadə edən bir çox insanlar insulin pompasına keçməklə gecə hipoqlikemiyalarının riskini azalda bilərlər. Əgər sizdə (və ya yaxın insanda) gecələr qanda şəkərin səviyyəsinin aşağı düşməsi ilə bağlı problemlər varsa və siz artıq insulin pompasından istifadə edirsinizsə, gecə hipoqlikemiyasının qarşısını almaq məqsədilə pompanın dozasını necə tənzimləməyiniz barədə həkiminizlə məsləhətləşin.
  • Qanda şəkərin səviyyəsinin yüksək olması (hiperqlikemiya): Nələri bilməlisiniz?

    Hiperqlikemiyanın əlamətlərini və onları idarə etməyi öyrənin.

    Hiperqlikemiya qanda qlükozanın/şəkərin səviyyəsinin yüksək olduğunu bildirən bir termindir.

    Orqanizmdə insulinin miqdarı çox az olduqda və ya bədən hüceyrələrini yetərincə insulindən istifadə edə bilmədikdə qanda şəkərin səviyyəsi yüksəlir.

    Qanınızda şəkərin miqdarı yeməkdən sonra 180 mq/dl və ya daha yüksək olduqda hiperqlikemiya baş verir. Hiperqlikemiya şəkərli diabetin yaxşı idarə edilib-edilməməsindən asılı olmayaraq hər bir pasiyentdə baş verə bilər. Diabetə yaxşı nəzarət olunmadıqda qanda şəkərin səviyyəsinin yüksək olma epizodları daha tez-tez baş verə bilər.

    Yüksək – nə dərəcədə yüksəkdir? Qanınızda şəkərin səviyyəsi yüksəkdirsə, onu necə dəyərləndirmək olar?

    Qanda şəkərin səviyyəsinin yüksəlməsinə nə səbəb olur?

    • İnsulinin vurulmasının unudulması;
    • İnsulin dozasının azaldılması;
    • İnsulin dozasının vaxtının gecikdirilməsi;
    • Adi vaxtlara nisbətən daha çox qida qəbul etmə;
    • Adi vaxtlara nisbətən fiziki fəallığın daha az olması;
    • Stress keçirmə;
    • Soyuqdəymənin olması və ya qripə yoluxma.

    Hiperqlikemiyanın simptomları hansılardır?

    Hiperqlikemiyanın əlamətlərini erkən aşkar etmək və tədbir görmək vacibdir. Bunun üçün qanda şəkər səviyyəsini tez-tez yoxlamalısınız.

    Əlamətləri:

    • Həddən artıq susuzluq və ya aclıq hissi;
    • Daha tez-tez sidik ifrazı ehtiyacının olması;
    • Ağız və ya dəri quruluğu;
    • Bulanıq görmə;
    • Yorğunluq və ya süstlük;
    • Xora və yaraların daha gec sağalması;
    • Səbəbsiz çəki itkisi.

    Qanda şəkərin səviyyəsi yüksək olduqda nə etməli?

    Əgər sizdə qan şəkərinin yüksəlməsinin (yeməkdən əvvəl 130 mq/dl-dən yüksək və ya yeməyə başladıqdan 2 saat sonra 180 mq/dl-dən yüksək) əlamətləri və ya simptomları varsa, aşağıdakı addımları atın:

    • Bol miqdarda su və ya şəkərsiz maye qəbul edin. Gündə ən azı 8 stəkan su içməyə çalışın.
    • Qanınızda şəkərin səviyyəsini daha tez-tez yoxlayın: Yeməkdən əvvəl, yatmazdan əvvəl və bəzən yeməkdən 2 saat sonra.
    • Müşahidələr aparın. Qanda şəkərin səviyyəsinin yüksək olduğu vaxtları və bunun mümkün səbəblərini izləyin və həkiminizlə bölüşün.
    • Həkiminizi məlumatlandırın. Qanınızda şəkər səviyyəsi azalmırsa həkiminizlə əlaqə saxlayın.

    Qanınızda şəkərin səviyyəsi normadan yüksəkdirsə, aşağıdakılara riayət etməklə onu azalda bilərsiniz:

    • Qidalanma planınıza riayət edin;
    • Diabetə qayğı komandası ilə təyin etdiyiniz fiziki aktivlik planına əməl edin;
    • Dərmanınızı vaxtı-vaxtında qəbul edin.
  • Səfərə gözəl əhval-ruhiyyə ilə başlayın!

    Şəkərli diabet sizin səyahət planlarınıza mane olmamalıdır. Bu, sadəcə olaraq əvvəlcədən kiçik bir hazırlıq tələb edir.

    Diabetlə yaşamaq və ya diabeti olan bir insana qulluq etmək səyahət planlarınıza mane olmamalıdır! Ailə tətillərindən tutmuş işgüzar səfərlərə qədər diabetə nəzarəti tamamilə münasib etmək üçün sadəcə kiçik bir hazırlıq lazımdır. Şəkərli diabeti olan insanların səyahət etməsi üçün bəzi məsləhətlər:

    Səyahətə çıxmazdan əvvəl

    • Əlavə şprislər, insulin qələmləri, iynələr, şəkərölçən test zolaqlar və digər ləvazimatları, eləcə də tez xarab olmayan qəlyanaltıları özünüzlə götürün.
    • İnsulini harada saxlayacağınızı düşünün. Hava həddindən artıq isti və ya soyuqdursa, bu heç də yaxşı deyil. Saxlama şərtləri ilə bağlı məlumat əldə etmək üçün preparatın içlik vərəqəsinə baxın.
    • Səyahətiniz bir neçə gündən daha çox davam edəcəksə, diabetinizin nəzarət altında olduğuna əmin olmaq üçün həkiminizlə əlaqə saxlayın.
    • Müxtəlif saat fərqləri və səyahətlə bağlı digər dəyişiklikləri nəzərə alaraq diabetin müalicə planında düzəlişlər etmək üçün həkiminizə müraciət edin.
    • Uçuş zamanı mümkün olduğu hallarda diabet əleyhinə dərmanları, insulini və test ləvazimatlarını reseptləri ilə birlikdə qablaşmalarında özünüzlə götürün.
    • Onları yük baqajına verməyin və həddən artıq yüksək və ya alçaq temperaturların təsirinə məruz qala biləcəkləri yerlərdə SAXLAMAYIN.
    • Sizdə və ya yol yoldaşınızda diabetin olduğu barədə hava limanının təhlükəsizlik xidmətinə məlumat verin və yoxlanışdan keçməzdən əvvəl üzərinizdə hər hansı bir ləvazimatın və ya insulin pompasının olub-olmadığını onlara bildirin. Beynəlxalq qaydalara əsasən siz pompanı çıxarmadan yoxlanışdan keçə bilərsiniz, lakin təhlükəsizlik sistemindən keçmək üçün əlavə vaxt ayırın.

    Yolda və təyinat məntəqəsinə çatdıqda

    • İçərisində həm sadə, həm də mürəkkəb (gec mənimsənilən) karbohidratların olduğu qəlyanaltıları yaxşı qablaşdırılmış vəziyyətdə saxlayın. Ağıllı seçimlər – qoz-fındıq, pendir və krekerlər, meyvələr (o cümlədən kişmiş), qlükoza tabletləri və ya tez çeynəyə biləcəyiniz konfetlər.
    • Qanda şəkərin səviyyəsini tez-tez yoxlayın. Gündəlik rejiminizin dəyişməsi qan şəkəri göstəricilərinə təsir edə bilər.
    • Rahat ayaqqabılar geyinin və heç vaxt ayaqyalın gəzməyin. Ayaqlarınızı hər gün yoxlayın. Suluqlara, kəsiklərə, qızartılara, şişkinlik və sıyrıqlara diqqət yetirin. İnfeksiyanın və ya iltihabın ilk əlamətləri meydana çıxdıqda tibbi yardım üçün həkiminizə müraciət edin.
  • Gələcəkdə fəsadların yaranma riskinin qarşısının alınması

    Elə indi diabetlə bağlı gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görmək vaxtıdır.

    Yəqin bilirsiniz ki, diabet davamlı yüksək qan şəkəri göstəricisinin olması zamanı orqanizminizdə ağırlaşmalara səbəb ola bilər. Lakin diabetin orqanizmə vurduğu zərərin bir çox əlamətləri illərlə özünü büruzə verməyə bilər. Hətta əlamətlər o qədər kiçik ola bilər ki, siz onlara diqqət yetirməyə bilərsiniz. Məhz bu səbəbdən, gələcəkdəki problemləri izləmək və onları azaltmaq üçün elə indi nələri edə biləcəyinizi bilmək çox vacibdir.

    1. Sağlamlığınızı qoruyun.

    Sağlam həyat tərzi vərdişləri hər kəs üçün vacibdir. Şəkərli diabetlə yaşayarkən, bunun xüsusilə faydalı olduğunu görə bilərsiniz.

    Şəkərli diabetlə yaşayarkən diabetin müalicəsinin 4 təməl daşını unutmamaq çox vacibdir.

    2. Laborator müayinələrdən keçin.

    Həkiminizin məsləhət gördüyü laborator müayinələr diabetin sizdə hər hansı bir sağlamlıq probleminə səbəb olub-olmadığını müəyyyən edə bilər.

    3. Qanda şəkərin səviyyəsini nəzarətdə saxlayın.

    Bu şəkərli diabetin müalicəsinin əsasıdır, çünki zaman keçdikdə qanda şəkərin səviyyəsinin yüksək olması(hiperqlikemiya) bəzi ciddi problemlərə səbəb ola bilər. Nəzarətdə saxlanmadığı təqdirdə, yüksək qan şəkəri bədənin bir çox nahiyələrinə mənfi təsir göstərə bilər.

    Amerika Diabet Assosiasiyası (ADA) tez-tez rast gəlinən bəzi problemlərin siyahısını hazırlayıb. Aşağıda siz onların hər birinin təsvirləri və risklərinin azaltmaq yolları barədə məlumat əldə edə bilərsiniz.

    Ayaqlar

    Ayaqlarınıza xüsusi diqqət yetirin. Sinir zədələnməsi və qan dövranının pisləşməsi problemlərə səbəb ola bilər.

    Sinirlərin zədələnməsi insanın ağrını, isti və ya soyuğu hiss etməsinə mane ola bilər.

    Beləliklə ayağınızda yara və ya kəsik meydana çıxdıqda, siz bunu hiss etməyə və nəticə etibarilə müalicə etməyə bilərsiniz. Nəticədə yara və ya kəsik ağırlaşa və infeksiyalaşa bilər.

    Periferik damarların xəstəliyi zamanı ayaqlarda qan dövranı zəifləyə və beləliklə də infeksiyalar sağalmaya bilər.

    Diabeti olan insanlar aşağıdakı məsləhətlərdən istifadə etməklə ayaqlarını qoruya bilərlər:

    • Hər il ayaqlarınızı tam müayinədən keçirin, əgər ayaq problemləriniz varsa, müayinədən daha tez-tez keçməlisiniz.
    • Ayaqlarınızı hər gün yuyun. İsti, sabunlu sudan istifadə edin və ayaqlarınızı yaxşı qurudun
    • Yuduqdan sonra dərinin quruluğunu aradan qaldırmaq üçün ayaqlarınızı kremlə nəmləndirin (barmaqların arası xaric).
    • Hər gün ayaqlarınıza hərtərəfli baxış keçirin. Çəkili insansınızsa, baxış üçün güzgüdən də istifadə edə bilərsiniz.
    • Hətta evin içində belə ayaqyalın gəzməyin.
    • Ayaqqabının və corabın ayağınıza rahat oturduğundan əmin olun.
    • Ayaqlarınızı hər gün yoxlayın, kəsiklərə, zədələnmələrə və ya şişkinliklərə diqqət yetirin.
    • Ayaqlarınızda hər hansı bir şəkildə zədə və ya nasazlıq (qabarlar, döyənəklər və ya dırnaq batması ) varsa həkiminizə müraciət edin.
    • Ayaq dırnaqlarınıza qulluq edin, dırnaqların kənarlarını hamarlamaq üçün dırnaq yeyəsindən (pilka) istifadə edin.
    • Dırnaqtutandan (qayçı) istifadə etməyin, çünki dərinizi zədələyə bilərsiniz.
    • Əgər kəsik və ya sıyrıq meydana çıxarsa onu dərhal müalicə edin.
    • Hər dəfə tibbi müayinəyə getdikdə ayaqlarınızı mütləq yoxlatdırın.

    Sinirlər

    Bədənimizdəki sinirlər beyinə siqnallar göndərən və ondan siqnallar qəbul edən naqillərə bənzəyir.

    Zaman keçdikdə yüksək qan şəkəri bədəninizdəki sinirləri zədələyə bilər. Bu zədələnmə neyropatiya adlandırılır.

    Bunun baş vermə səbəbi tam aydın deyil. Lakin uzun müddət diabeti olan insanlarda sinirlərin zədələnmə ehtimalı daha çoxdur.

    inir zədələnməsinin bəzi əlamətləri:

    • Əllərdə və ya ayaqlarda yanma, keyimə və ya ağrı hissi
    • Sidik ifrazı və ya defekasiya zamanı problemlər
    • Həzm problemləri
    • Cinsi problemlər
    • Əzələ zəifliyi
    • Gücdən düşmə
    • Hissiyyatın itirilməsi

    Bu simptomlar qalıcı və keçici ola bilər. Hətta bəzi vaxtlar ağırlaşa bilər.

    Lakin onların yaranmasına həm də digər sağlamlıq problemləri səbəb ola bilər. Sizdə və ya yaxın bir insanda bu problemlər varsa həkiminizlə məsləhətləşin.

    Sinir zədələnməsi riskini azaltmaq üçün bəzi məsləhətlər:

    • Qanınızda şəkərin səviyyəsini hədəf səviyyəyə mümkün qədər yaxın göstəricidə saxlayın
    • Spirtli içkilər qəbul etməyin
    • Siqaret çəkməyi tərgidin
    • Fiziki aktiv olun

    Gözlər

    Qanda şəkərin yüksək səviyyədə olması gözlərinizi qanla təchiz edən kiçik damarları zədələyə bilər. Bu zədələnmə müxtəlif problemlərə, o cümlədən görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.

    Şəkərli diabetin ağırlaşmalarının, o cümlədən görmə problemlərinin əmələ gəlməsi mütləq deyildir.

    Aşağıdakı tədbirlər gözlərinizi qorumağa kömək edə bilər:

    • Qanda şəkərin səviyyəsini həkiminizin təyin etdiyi hədəf diapazonunda saxlayın
    • Qan təzyiqinizi həkiminizin təyin etdiyi hədəf diapazonunda saxlayın
    • İldə bir dəfə gözlərinizi müayinə etdirin
    • Əgər sizdə və ya qulluq etdiyiniz şəxsdə bulanıq görmə varsa və ya gözlərinizin qarşısında üzən xırda ləkələr görürsünüzsə, dərhal həkiminizə müraciət edin

    Böyrəklər

    Böyrəklər qanı süzərək, onu zərərli məhsullarından təmizləyirlər. Müalicə edilmədikdə, zaman keçdikcə qanda şəkərin səviyyəsinin yüksək olması böyrəklərdə kiçik qan damarlarını zədələyə bilər. Bu zədələnmə qanı süzmək üçün böyrəkləri daha çox işləməyə vadar edir. İllər ərzində böyrəklərin həddən artıq işləməsi böyrək çatışmazlığına gətirib çıxara bilər.

    Böyrəklərinizi qorumaq üçün aşağıdakıları edə bilərsiniz:

    • Qanınızda şəkərin səviyyəsini və qan təzyiqinizi nəzarət altında saxlayın.
    • Sidik analizləri. Hər il sidikdə gizli zülal səviyyəsini (sidikdə mikro albumin testi) yoxlatdırın. Bu, böyrəklərin zədələnməsini erkən mərhələdə, yəni ağırlaşma baş verməmiş aşkarlamağa kömək edə bilər.
    • Qan analizləri. İldə ən azı bir dəfə qan zərdabında kreatininin səviyyəsini yoxlatdırın. Bu analiz də böyrək zədələnməsini aşkar etməyə kömək edə bilər.
    • Siqaret çəkməyi tərgidin. Siqaret kiçik qan damarlarının zədələnmə riskini artırır.

    Qan-damar sistemi

    Damar xəstəlikləri bədəninizdə müxtəlif qan damarlarının zədələnməsinə səbəb ola bilər. Oksigen, qlükoza, qida və digər maddələr qan damarlarımızda dövr edərək bədənin müxtəlif nahiyələrinə çatdırılır. Damarlarda tıxanma yaranarsa sizdə problemlər əmələ gələ bilər.

    Periferik arteriyaların xəstəliyi (PAX) zamanı arteriyaların tıxanması ayaqlarda qan dövranını pozur. Bu zaman ayaqlarda aşağıdakı əlamətlər əmələ gəlir:

    • Qıcolmalar
    • Ağrı
    • Yanma hissi

    Diabeti olan insanlarda diabeti olmayanlarla müqayisədə damar xəstəliklərinin yaranma ehtimalı 2-4 dəfə çoxdur. Damar xəstəliklərinin qarşısını almaq üçün ADA (Amerika Diabet Assosiyasiyası) aşağıdakı addımları tövsiyə edir:

    • Siqaret çəkməyi tərgidin
    • Qanda pis (təhlükəli) xolesterini (ASLP) azaldın və yaxşı xolesterini (YSLP) artırın
    • Yüksək qan təzyiqini aşağı salın
    • Fiziki fəallığı artırın
    • Düzgün qulluq və müalicə barədə həkiminizdən məlumat alın

    Dişlər və diş əti

    Diabet ağız boşluğunda da problemlərə səbəb ola bilər. Qanda şəkərin səviyyəsi yüksək olduğu zaman ağız suyuna daha çox miqdarda şəkər keçir ki, bu da zərərli bakteriyaların çoxalmasına kömək edir.

    Problemlərə aşağıdakılar aid ola bilər:

    • Diş əti infeksiyaları/xəstəlikləri
    • Gec sağalma
    • Kariyes/dişin itirilməsi
    • Süd yarası (göbələk infeksiyası)

    Diş əti xəstəliyi təhlükəsi

    Şəkərli diabetin ağız boşluğunda səbəb ola biləcəyi bütün problemlər arasında ən təhlükəlisi diş əti xəstəliyidir. Nə üçün? Şəkərli diabeti olan insanlar bakterial infeksiyalara qarşı daha həssasdırlar. İnfeksiya baş verdikdən sonra diabet onun müalicə edilməsini daha da çətinləşdirir.

    Dişlərinizi və diş ətinizi qorumaq üçün məsləhətlər:

    • Dişlərin və diş ətinin müayinəsi və diş daşlarının təmizlənməsi üçün ildə iki dəfə diş həkiminin müayinəsindən keçin. Diabetinizsin olduğunu diş həkiminə mütləq bildirin.
    • Diş ətiniz qanayırsa, qızarıbsa və ya ağrılıdırsa və bu hallar bir neçə gündən artıq davam edərsə, diş həkimi ilə əlaqə saxlayın. Bunlar diş əti xəstəliyinin əlamətləri ola bilər.
    • Dişlərinizi gündə 2 dəfə fırçalayın və gündə bir dəfə diş sapı ilə təmizləyin.
    • Siqaret çəkməyi tərgidin.
  • Qanda şəkərə nəzarət etməkdən yorulmaq və bu vəziyyətdən çıxış yolları

    Qanınızda şəkərə nəzarət etməkdən yorulmağınızın bir çox səbəbləri var. Nəzarətə davam etmək üçün bir neçə məsləhət:

    Qanda şəkərin (qlükozanın) səviyyəsinin yoxlanması sizin gündəlik həyatınızın bir hissəsidirsə, sizdə vaxtaşırı olaraq tükənmə hissinin olması gözləniləndir. Bunun öhdəsindən təklikdə gəlmək heç də həmişə asan deyil. Aşağıda tip 1 şəkərli diabeti olan insanların tez-tez üzləşdikləri problemlər və onların aradan qaldırılmasına kömək edəcək fikirlər təqdim edilmişdir.

    "Mən sadəcə olaraq bunu etməyi unuduram"

    Təklif: Qanınızda şəkərin səviyyəsinin yoxlanmasını hər gün etdiyiniz başqa bir fəaliyyətlə əlaqələndirməyə çalışın. Məsələn, acqarına vəziyyətdə qanınızda şəkərin ölçülməsini səhər yeməyini hazırlamaqla əlaqələndirməyiniz xatırlamağınıza kömək edə bilər. Qanda şəkərin səviyyəsini yoxlamaq barədə qeydlər edin və onları lazımi vaxtda görə biləcəyiniz yerlərə, məsələn, yemək hazırladığınız yerə — mətbəxdə və ya yemək otağında saxlayın.

    "Qanda şəkərin səviyyəsini yoxlamaq ağrılıdır"

    Təklif: Yoxlamaları daha rahat etmək üçün bir neçə yol var:

    • Cihazın iynəsinin ölçüsü barədə həkiminizlə danışın. Qanda şəkərin səviyyəsinin yoxlanmasını daha rahat etməyə kömək edəcək daha incə iynələr mövcud ola bilər.
    • Qan axınını artırmaq üçün iynəni barmağınızın ucuna batırmazdan əvvəl bir neçə dəqiqə ərzində əllərinizi isti suda yuyun. Qan damlasını durulaşdırmamaq üçün əllərinizi yaxşıca qurudun.
    • İynəni barmaq ucunuza yan tərəfdən cəld və sərt şəkildə batırın. Ləng hərəkət etməyiniz həqiqətən də, daha ağrılı ola bilər.
    • İynə sancdığınız yeri dəyişin. 10 barmağın hər birinin iki yan tərəfi və bir yastıqcığı var.

    "Evdən kənarda olduğum vaxtlarda qanda şəkərin səviyyəsini yoxlamağa çəkinirəm"

    Təklif: Siz qanda şəkərin səviyyəsini sakit bir yerdə ölçə bilərsiniz. Yeni şəkərölçənlərin bəziləri kiçik, sürətli və səssizdir, ona görə də, qanda şəkərin səviyyəsini ölçmək üçün sakit bir yerə çəkilə bilərsiniz. İnsanların əksəriyyəti, çox güman ki, heç sizin nə etdiyinizi anlamayacaq.

HbA1c və qanda şəkər: Biz nəyə diqqət yetiririk?

Hər iki analizin hansı mühüm məlumatları verdiyini öyrənin:

Qanınızda şəkərin səviyyəsini yoxlamaq və göstəricilərinizi izləmək diabetin müalicəsi üzrə planınızın əhəmiyyətli bir hissəsidir. Qanınızda həm HbA1c-nin, həm də şəkərin səviyyəsi diabeti nə dərəcədə yaxşı idarə etdiyinizi göstərir.

Bəs bu iki test arasındakı fərq nədən ibarətdir?

Qanda şəkər səviyyəsinin ölçülməsi

Qanınızda şəkərin və ya qlükozanın səviyyəsinin ölçülməsi diabetə gündən-günə necə nəzarət etdiyinizi göstərə bilər. Bu, ev şəraitində yerinə yetirə biləcəyiniz bir testdir və aşağıdakıları göstərə bilər:

  • Qəbul etdiyiniz dərmanların nə dərəcədə effektiv olduğunu göstərir
  • Fiziki fəallığınızın və qəbul etdiyiniz qidaların qan şəkərinizə necə təsir etdiyini aşkarlayır
  • Qan şəkərinizdə baş verən dəyişiklikləri görməyinizə, eləcə də fiziki fəallığınızın, qida rasionunuzun və stresin qanınızda şəkərin səviyyəsinə necə təsir etdiyini daha da yaxşı anlamağınıza kömək edir.
  • Sizə qanda şəkərin səviyyəsinin azalmasının (hipoqlikemiya) və yüksəlməsinin (hiperqlikemiya) qarşısını almağa kömək edir

HbA1c qanda şəkərin səviyyəsi barədə tam bir təsəvvür yaradır və xəstəxana şəraitində aparılır. Bu test son 2-3 ay ərzində qan şəkərinin orta səviyyəsini ölçərək, keçən zaman ərzində qan şəkərinin səviyyəsini nə dərəcədə yaxşı idarə etdiyinizi göstərir. Bu, qanınızda şəkərin səviyyəsi barədə "yaddaş"a bənzəyir.

HbA1c nin səviyyəsi qanda şəkərin orta səviyyələri ilə necə uyğunlaşır?

Bu test şəkərölçən cihazınızda gördüyünüz eyni ölçmə üsulu ilə qanınızda şəkərin orta səviyyəsini mq/dl (desilitrdə milliqramlarla) göstərməyin digər bir yoludur.

Bəs əslində bu rəqəmlər pasiyent üçün nə deməkdir?

HbA1c-nin hədəf səviyyəsi hər bir şəxsin yaşından və digər amillərdən asılı olaraq fərqlənə bilər və sizin hədəf səviyyəniz digər şəxsə nisbətən fərqli ola bilər.

ADA əksər böyüklər üçün (hamilə qadınlar istisna olmaqla) HbA1c-nin hədəf səviyyəsinin 7%-dən az olmasını təklif edir. Sizin fərdi hədəf səviyyəniz daha yüksək və ya daha aşağı ola bilər. Lakin yadda saxlayın ki, həkiminiz sizin üçün fərdi plan hazırlayacaq və məhz sizə uyğun olan hədəf səviyyələrinizi təyin edəcəkdir.

HbA1c testinin nəticələri faizlə göstərilir. Faiz göstəricisi nə qədər yüksəkdirsə, deməli son iki-üç ayda qanda şəkərinizin səviyyəsi bir o qədər yüksək olmuşdur. HbA1c testi həmçinin aşağıdakı tövsiyələr əsasında diaqnozun qoyulması üçün də istifadə edilə bilər:

Əgər HbA1c səviyyəniz 5,7% ilə 6,5% arasındadırsa göstəriciniz prediabet diapazonundadır.

Əgər HbA1c səviyyəniz 6,5 % və daha yuxarıdırsa, göstəriciniz diabet diapazonundadır.

  • Qanınızda şəkərin səviyyəsini hansı tezliklə yoxlamalısınız?

    Siz və həkiminiz qanda şəkərin səviyyəsini nə zaman və hansı tezliklə yoxlamaq lazım olduğu barədə qərar verəcəksiniz.

    Şəkərli diabetin orqanizmə təsiri hər bir şəxs üçün fərqlidir və zaman keçdikcə dəyişir. Beləliklə, hansı dərmanı qəbul etdiyinizdən və həkiminizin məsləhətindən asılı olaraq, qanda şəkərin səviyyəsini yoxlama tezliyiniz dəyişə bilər.

    ADA-nın tövsiyələri əsasında aşağıdakı hallarda həkiminizlə əlaqə saxlamaq məsləhət görülür:

    • Xəstələnmisinizsə və 1-2 gün ərzində vəziyyətiniz yaxşılaşmırsa;
    • Peroral dərman qəbul edirsinizsə və yeməkdən əvvəl qanda şəkərin səviyyəsi ≥250 mq/dl və nə zaman yoxlamağınızdan asılı olmayaraq son 24 saatdan artıq müddətdə yüksək olaraq qalırsa.

    Mükəmməlliyə deyil, irəliləməyə fokuslanın

    Unutmayın ki, qanda şəkərin səviyyəsini hər zaman mükəmməl səviyyədə saxlamaq demək olar ki, mümkün deyil. Vaxtaşırı olaraq, qanda şəkərin səviyyəsi ya yüksək, ya da aşağı ola bilər.

    Qanda şəkər testlərinin nəticələrini həkiminizlə birlikdə nəzərdən keçirməyiniz qanınızda şəkərin səviyyəsinin həddən artıq yüksək və ya aşağı olmasının səbəblərini tapmaqda sizə kömək edə bilər. Beləliklə, nəzarətdə qalmaq üçün lazımi dəyişiklikləri edə bilərsiniz!

  • Tip 1 şəkərli diabet və diabetik ketoasidoz (DKA)

    DKA nədir?

    Tip 1 şəkərli diabeti olan insanlarda qanda şəkərin səviyyəsinin yüksək olması diabetik ketoasidoza (DKA) səbəb ola bilər (Tip 2 diabeti olan insanlarda nadir hallarda baş verir). İnsulin orqanizmdə şəkərin qandan hüceyrələrə keçməsini təmin edərək onun qanda səviyyəsini tənzimləyir. Orqanizmin əsas enerji mənbəyi qlükozadır (şəkər) və insulin çatışmazlığı nəticəsində qlükoza qandan hüceyrələrə keçə bilmir. Bu zaman orqanizm enerji çatışmazlığını aradan qaldırmaq üçün depo halında olan yağları parçalayır. Yağlar parçalanan zaman enerji ilə bərabər keton cisimciklər əmələ gəlir. Bu keton cisimciklər qanda toplanaraq diabetik ketoasidoza səbəb olur.

    Tip 2 şəkərli diabeti (T2D) olan insanlarda DKA daha az rast gəlinir, çünki onlarda, adətən, tip 1 diabetlə müqayisədə insulinin tam çatışmazlığı olur. Lakin bu hal baş verə bilər. DKA Tip 1 diabetin ilk əlaməti ola bilər, çünki bu halda orqanizm təbii insulin istehsal edə bilmir.

    Ketonların səviyyəsinin yoxlanmasını tələb edə bilən DKA simptomları aşağıdakılardır:

    • Qanda şəkərin səviyyəsinin 240 mq/dl olması və azalmaması
    • Güclü susuzluq və ya ağızda quruluq
    • Tez-tez sidik ifrazı ehtiyacının olması
    • İştahsızlıq və ya qarında ağrı
    • Qusma və ya ürəkbulanma
    • Bulanıq görmə
    • Qızdırma və ya dəridə istilik, quruluq və ya qızartı
    • Tənəffüs çətinliyi
    • Zəiflik hissi
    • Yuxululuq
    • Nəfəsdən çürümüş meyvə və ya aseton qoxusunun gəlməsi

    Ketonları necə yoxlamaq olar?

    • Sidikdə ketonların miqdarını ölçmək üçün xüsusi test zolaqlarından istifadə olunur.
    • Bəzi şəkərölçən cihazlar qanda ketonları da ölçə bilir.

    Ketonların hansı səviyyəsinin təhlükəli olduğu barədə həkiminiz sizə məlumat verəcəkdir. Əgər sidikdə ketonların miqdarı orta və ya yüksəkdirsə, dərhal həkiminizlə əlaqə saxlayın.

    Ketonlar haqqında bilməli olduğum ən vacib məlumat nədir?

    • Tip 1 diabeti olan insanlar xəstələndikləri zaman DKA daha tez-tez baş verə bilər. Bunun üçün hər 4 saatdan bir ketonların miqdarı yoxlanılmalıdır. Qanda şəkərin miqdarı normal olsa da, ürəkbulanma və ya qusma varsa, sidikdə ketonları yoxlayın.
    • Əgər ketonların miqdarı aşağı düşmürsə və siz dayanmadan qusursunuzsa, həkiminizlə əlaqə saxlayın və ya təcili yardıma müraciət edin.
    • Ketonların miqdarı artdıqda və qanda şəkərin səviyyəsi yüksək olduqda fiziki aktivlikdən çəkinin.
  • iabetin intensiv idarə edilməsi və qlükozanın fasiləsiz monitorinqi (QFM)

    Tip 1 şəkərli diabeti olan insanlar üçün texnologiya inkişaf etmişdir, amma bu sizə uyğundurmu?

    Əgər sizdə tip 1 şəkərli diabet varsa və ya tip 1 şəkərli diabeti olan bir insana qayğı göstərirsinizsə, yəqin ki, qlükozanın fasiləsiz monitorinqi (QFM) və diabetin intensiv idarə edilməsi barədə eşitmiş olarsınız. Lakin diabetin müalicəsi üçün bu vasitələrdən istifadə hər kəs üçün uyğun olmaya bilər.

    Bu haqda geniş məlumatı həkiminizdən ala bilərsiniz.

    Diabetin intensiv idarə edilməsi nədir?

    Qanda şəkərin səviyyəsini diabeti olmayan insandakı səviyyəyə mümkün qədər yaxın səviyyədə saxlamaq üçün diabeti olan insan, onun qayğı tərəfdaşı və həkimlər birlikdə çalışırlar. Bu – "diabetin intensiv idarə edilməsi" adlandırılır. Lakin bu tip nəzarət heç də hamı üçün uyğun deyil. Qanda şəkərin səviyyəsi aşağı olan riskli insanlara həkimləri tərəfindən bir qədər yüksək hədəf səviyyələr qoyula bilər.

    Amerika Diabet Assosiasiyası (ADA) tərəfindən bir çox yetkin insanlar üçün (hamilə qadınlar istisna olmaqla) qandakı şəkərin tövsiyə edilən hədəf səviyyələri aşağıda göstərilmişdir (sizin hədəf səviyyəniz fərqli ola bilər):

    Bəzi həkimlər qanda şəkərin səviyyəsinin aşağı düşməsi və digər mənfi təsirlərin riski olmadan daha aşağı hədəf səviyyələrinə nail ola bilən tip 1 diabetli olan insanlar üçün daha aşağı hədəf səviyyələri (məsələn, HbA1c 6,5%-dən az) təyin edə bilərlər.

    Uşaqlarda və yeniyetmələrdə diabetin intensiv idarə edilməsi

    Bütün uşaq yaş qrupları üçün Amerika Diabet Assosiasiyası (ADA) tərəfindən tövsiyə edilən hədəf səviyyələri aşağıda təqdim edilmişdir. Uşaqlarda və ya yeniyetmələrdə qanda şəkərin hədəf səviyyələri təklif olunan bu hədəf səviyyələrindən daha yüksək və ya aşağı ola bilər. Sizin üçün və ya qulluq etdiyiniz şəxs üçün hansı hədəf səviyyəsinin daha uyğun olduğu barədə həkiminizlə məsləhətləşin.

    Diabetin intensiv idarə edilməsi ciddi yanaşma tələb edir.

    • Qanda şəkərin səviyyəsini tez-tez (bəlkə də adət etdiyinizdən daha tez-tez) yoxlamaq və nəticələri izləmək;
    • Qidalanma və fiziki aktivlik planlarına ciddi əməl etmək;
    • İnyeksiya və ya insulin pompaları vasitəsilə insulin dozalarını daha tez-tez qəbul etmək.

    Hər zaman diabetə qayğı komandanızın təyinatlarına əməl edin.

    Diabetin intensiv idarə olunmasının faydaları mümkün risklərlə balanslaşdırılmalıdır. Bunlara qanda şəkərin səviyyəsinin aşağı düşməsi (hipoqlikemiya) və mümkün çəki artımı aiddir. Siz və ya qayğı tərəfdaşınız nəzarətin bu tipini yardım və həkim məsləhəti olmadan istifadə etməməlisiniz – mütləq həkiminizlə məsləhətləşin.

  • Tip 1 şəkərli diabet ilə yetkinlik

    Məsuliyyəti üzərinizə götürün (siz bunu bacararsınız!)

    Əgər siz tip 1 şəkərli diabeti olan uşaqsınızsa, sizə diabetin idarə olunmasında ailəniz və həkimləriniz kömək edirlər. Lakin siz böyüdükcə, ətrafınızdakı insanlar dəyişir. Beləliklə, özünə qayğı göstərməyi öz üzərinizə necə götürə bilərsiniz?

    Əhatə dairənizi genişləndirin

    Yeni insanlarla (məsələn, otaq yoldaşları, qonşular, yaxın dostlar və iş yoldaşları) tanış olduğunuz zaman, onlara sizdə şəkərli diabet olduğu barədə danışa və sizə necə kömək edə biləcəkləri barədə məlumat verə bilərsiniz. Paylaşmaq üçün doğru zaman olduğuna qərar verdiyiniz zaman, ilk öncə dostlarınıza əsas məlumatlar barədə danışın. Bu məlumatlar onlar üçün diabet barədə təlimatlandırılmanı asanlaşdıra bilər.

    Yeni dostlarınıza tip 1 diabetin idarə edilməsinin əsas hissələri barədə danışın.

    • Qanda şəkərin səviyyəsinin yoxlanması
    • Dərmanların qəbul edilməsi
    • Sağlam qidalanma
    • Fiziki aktivlik

    Həyatınızdakı yeni insanlar sizə öz dəstəklərini necə təklif edəcəklərini bilməyə bilərlər. Onları təxmin etməyə vadar etməyin – sizə kömək etmələrini asanlaşdırmaq üçün nəyə ehtiyacınız olduğunu onlara bildirin.

  • Siz və tip 1 diabetlə yaşayan övladınız

    Özünüzə qayğı göstərin ki, övladınızın qayğısına qala biləsiniz

    Tip 1 şəkərli diabeti olan uşağa qulluq zamanı stres yaşamağınız təbii bir haldır. Yeni rutinlər, dəyişən informasiya, zamanın tələbləri və gündəlik həyatın digər aspektləri bəzən birlikdə çox çətin görünə bilər.

    Hətta siz şəkərli diabet diaqnozuna artıq alışmısınızsa belə, qanda şəkərin səviyyəsinin aşağı düşməsi (hipoqlikemiya) və ya digər problemlər qarşısında qorxu hissi qalmaqda davam edə bilər. Bu qorxu çox zaman təşviş və stres ilə müşayiət olunur, xüsusilə də, əgər siz anasınızsa.

    Sizin stresiniz və tip 1 şəkərli diabeti olan övladınıza qayğı göstərməyə münasibətiniz övladınızın öz diabetini nə dərəcədə yaxşı idarə edə biləcəyinə təsir edə bilər. Buna görə valideynlər və digər qayğı tərəfdaşları öz stres səviyyələrini azaltmaq üçün addımlar atmalıdırlar. Tip 1 şəkərli diabeti olan uşağın böyüdülməsi barədə narahatlığın və ya qeyri-müəyyənliyin aradan qaldırılması həm sizə, həm də uşağınıza müsbət təsir göstərə bilər.

    Stresin idarə edilməsi ilə bağlı hər hansı bir sualınız və ya narahatlığınız varsa, həkiminizlə məsləhətləşməlisiniz. Habelə, övladınızın diabetə qayğı komandası da bu istiqamətdə sizə kömək edə bilər.

    Aşağıda stresi daha tez azaltmaq üçün bəzi məsləhətlər verilmişdir. Onlar sizə övladınız üçün daha güclü və təmkinli qalmaqda kömək edə bilər.

    Stresi azaltmaq üçün məsləhətlər

    • Nikbin əhval-ruhiyyədə olun. Uşaqlar öz valideynlərindən nümunə götürürlər. Əgər valideyn öz övladının diabetinin idarə olunmasına müsbət yanaşırsa, çox güman ki, uşaq da bu cür edəcək.
    • Diabet haqqında açıq danışın. Diabetə nəzarəti ailənizin gündəlik həyatının bir hissəsinə çevirin. Uşağınızın diabeti barədə digər uşaqlarınız və ailə üzvlərinizlə açıq və dürüst olun.
    • Bunu təklikdə etməyin. Çox zaman valideynlərdən biri şəkərli diabeti olan uşağa qulluğu öz üzərinə götürür. Amma mümkündürsə, bu prosesə hər iki valideynin cəlb edilməsi daha faydalı nəticə verər. Tədqiqatlar göstərir ki, övladına qayğı üzrə məsuliyyəti bölüşən və birgə çalışan valideynlər diabetin idarə edilməsində daha səmərəli nəticələr əldə edirlər.
    • Digər yaxınlarınıza etibar edin. Əgər övladını tək böyüdən valideynsinizsə, ehtiyacınız olanda digər yaxınlarınızdan yardım istəyin. Bir saat ərzində hansısa sevdiyiniz fəaliyyətlə məşğul olmaq, məsələn, uzun gəzinti stresi aradan qaldırmağa kömək edə bilər.
    • Şəkərli diabet barədə daha ətraflı məlumat əldə edin. Əgər streslisinizsə və ya qeyri-müəyyənlik hiss edirsinizsə, şəkərli diabet, stressin aradan qaldırılması və bununla əlaqədar problemlərin həlli barədə öyrənməyiniz özünüzə inamınızı artıra bilər.
    • Özünə qayğı göstərməkdə övladınızın rolunu artırın. Övladınız böyüdükcə, diabeti ilə bağlı özünə daha çox qayğı göstərə bilər. Diabetlə bağlı özünə qayğıda uşağın və ya yeniyetmənin rolunu nə zaman artırmaq lazım olduğu barədə həkiminizlə məsləhətləşin.

    Stresi aradan qaldırmaq üçün aşağıdakılar da faydalı olar:

    • Gündə ən azı bir dəfə minimum 5 dəqiqə dərin tənəffüs hərəkətləri etməyə çalışın.
    • Əvvəlcə əzələlərin gərginləşdirilməsindən, sonra isə boşaldılmasından ibarət olan fikizi hərəkətlər barədə öyrənin.
    • Müntəzəm fiziki hərəkətlər edin: dartınma və digər.
    • Pis fikirləri yaxşıları ilə əvəz edin. Sizi xoşbəxt hiss etdirən məqamlar barədə düşünün.
    • Minnətdar olduğunuz məqamlar barədə düşünün. Özünüzü məyus hiss etdiyiniz zaman bu, çətin ola bilər. Lakin minnətdar olduğunuz kiçik bir şeylər, o gün sizi və övladınızı gülümsəməyə vadar edən məqamlar barədə düşünmək möcüzələr yarada bilər.

    Çox uzun müddət həddən artıq stres halında olmaq depressiyaya səbəb ola bilər. Bu, gündəlik həyata mane ola, habelə depressiyada olan insan və onun ətrafındakılar üçün çətinliklər yarada bilər. Əgər depressiyada ola biləcəyinizi düşünürsünüzsə, müalicə üçün həkiminizlə məsləhətləşin.

  • Tip 1 şəkərli diabetlə yaşayan uşaqlar: artan inam

    Tip 1 diabetlə yaşayan uşağa qayğı üçün məsləhətlər.

    Uşağınızda şəkərli diabetlə bağlı qarşılaşdığınız çətinliklər, ehtimal ki, uşaq böyüdükcə dəyişəcək. Sizə hər addımda pasiyentə qayğı qaydaları barədə ən yaxşı məsləhətləri verə biləcək insanlar diabetə qayğı komandanızın üzvləridir. Bir çox valideynin tez-tez qarşılaşdığı çətinliklər bunlardır:

    Körpələr və uşaqlar (36 aya qədər) – Qanda şəkərin səviyyəsini proqnozlaşdırmaq çətindir. Qeyri-müntəzəm qidalanma səbəbindən şəkərin səviyyəsi azala, yaxud yüksələ bilər.

    Məktəbəqədər və ibtidai məktəb yaşlı uşaqlar (3-7 yaş) – İştaha və aktivlik səviyyəsi daim dəyişə bilər. Bu yaş dövrü uşaqları özünə qulluq etməyə cəlb etmək və özlərinə inamı artırmaq üçün əlverişli yaşlar hesab edilir.

    Orta məktəb yaşlı uşaqlar (8-11 yaş) – Şəkərli diabetlə bağlı qayğı rejimi uşağın məktəbə getməsinə və (və ya) yaşıdları ilə ünsiyyətə imkan verə biləcək dərəcədə çevik olmalıdır.

    Kiçik yeniyetmə yaşlı uşaqlar və yeniyetmələr (12-19 yaş) – Bu yaşlarda problemlər daha çox olacaq.

    Yetkinlik dövründə insulinə ehtiyac daha da çoxalır.

    • Bu müddət ərzində hormonlarda baş verən dəyişikliklər səbəbindən qanda şəkərin səviyyəsinə nəzarət etmək daha çətin olur.

    Uşağınız böyüyüb və artıq şəkərli diabetin müalicəsində bir çox aspektin öhdəsindən gələ bilir.

    • Ancaq onlar dəyişir və daha çox sərbəstlik istəyirlər.
    • Həm də sağlamlıqları üçün riskli hərəkətlər edə bilərlər.

    Sadalananların hamısı sizinlə övladınız arasında mübahisələrə səbəb ola bilər.

    Tip 1 diabetlə yaşayan övladınıza bir az sərbəstlik verin

    Övladınız tip 1 diabetlə yaşayarkən, qanda şəkər və insulin səviyyəsini izləmək ailənizin gündəlik həyat rejiminin bir hissəsinə çevrilir. Övladınız üçün hər şey etməyə həvəsli olsanız belə, hətta kiçik yaşlı uşaqları belə özünəqulluğa cəlb etmək lazımdır.

    Körpəniz üçün:

    • Sizin nəzarətiniz altında icazə verə bilərsiniz ki, uşağınız insulin inyeksiyasının ediləcəyi yeri və ya qan şəkərini yoxlamaq üçün barmağında bir nöqtəni özü seçsin. Bu, körpənizin özünü daha inamlı hiss etməsinə kömək edə bilər.
    • Övladınız böyüdükcə və inkişaf etdikcə onun ehtiyacları dəyişəcəkdir. Uşaqlar daha müstəqil olacaq və şəkərli diabetin müalicə rutinində daha aktiv rol oynamaq istəyəcəklər.

    Məktəb yaşlı övladınız üçün:

    • Qanda şəkərin səviyyəsini nəzarətdə saxlamaq üçün övladınızı sağlam həyat tərzi sürməyə həvəsləndirin.
    • Özlərini idarə etmə bacarıqlarını və özlərinə qayğı göstərməyə görə məsuliyyət hissini uşaqlarınıza aşılayın, xüsusən evdən kənarda olduqda.

    Yeniyetmə övladınız üçün:

    • Ətraflarında olmaq şərtilə, onlara ehtiyac duyduqları sərbəstliyi verin. Diabetə nəzarətdə daha böyük rol oynamalarına icazə verə bilərsiniz. Ancaq onları əmin edin ki, həmişə sizinlə məsləhətləşə və sizdən kömək istəyə bilərlər.
    • Əlavə dəstək almalarına kömək edin. Gənclər həmyaşıdlarının dəstəyinə daha çox açıq ola bilərlər. Dəstək qrupları və ya şəkərli diabeti olan pasiyentlər üçün düşərgələr digər gənclərlə görüşmək və öz çətinlikləri barədə danışmaq üçün münasib bir yer ola bilər.

    Məktəb gəzintiləri və evdən kənarda gecələmələr

    Aşağıdakı vəziyyətlərdə övladınızın məktəb gəzintilərinə gedə bilməməsi və ya dostlarından birinin evində qala bilməməsi üçün heç bir səbəb yoxdur:

    • Uşaqlarınız hazırlıqlıdırsa;
    • Uşaqlarınıza nəzarət etməyə görə məsul olan insanlar onların şəkərli diabetini idarə edə bilmələri mövzusunda əmindirlərsə.

    Bu halların daha rahat keçməsi üçün bir neçə məsləhət:

    • Övladınızın müəllimləri ilə söhbət edin. Məktəb gəzintisi zamanı uşağınızın şəkərli diabetini necə idarə edəcəyini bildiklərindən əmin olun. Əlavə təlimatlar üçün gəzintidən əvvəl görüş təyin edə bilərsiniz.
    • Qanda şəkərin səviyyəsinin aşağı düşməsini göstərən əlamətləri onlara xatırladın. Gecəni başqa bir yerdə keçirmək planlaşdırılırsa, həm uşağınızın, həm də ona məsul olan yetkin şəxsin gecə qan şəkərinin aşağı düşməsinin əlamətlərini və bu baş verərsə, bu vəziyyətin öhdəsindən necə gələcəyini bildiyindən əmin olun.
    • Plan qurun və gəzinti üçün azuqə hazırlayın. Hansı fəaliyyətlərin planlaşdırıldığını və hansı yeməklərin veriləcəyini öyrənin. Səyahət bir günlükdürsə, uşağınıza nahar hazırlaya bilərsiniz. Həmçinin, onun çantasına qanda şəkərin aşağı düşməsini idarə etməyə kömək edəcək tez mənimsənilən karbohidratlar qoyun:

      Qlükoza tabletləri

      Şirniyyat

      Meyvə şirələri

    Gəzinti zamanı övladınızın təyin olunan bütün dozalar üçün kifayət qədər insulinə və ləvazimatlara sahib olduqlarını yoxlayın və ehtiyacları olan hər şeyi əldə edilməsi asan bir yerə qoymağı unutmayın.

    Məktəbdənkənar fəaliyyətlər və əyləncələr

    Uşaqlar böyüdükcə məktəbdənkənar fəaliyyətlərdə və ya dərnəklərdə iştirak etmək istəyə bilərlər. Digər uşaqların evlərində təşkil etdikləri şənliklərə də dəvət oluna bilərlər.

    Bununla bağlı bəzi məsləhətlər:

    • Övladınıza görə məsul olan şəxsin övladınızın şəkərli diabet üzrə ehtiyaclarını və bu ehtiyacları necə idarə edəcəyini bildiyindən əmin olun.
    • Əgər onlar şənliyə gedirlərsə, orada hansı qidaların veriləcəyini öyrənin və digər valideynlərlə övladınızın nələri və nə qədər yeyə biləcəyini müzakirə edin.
    • Fiziki fəaliyyətdə iştirak edirlərsə, əlavə yüngül qəlyanaltı və ya fərqli insulin dozasına ehtiyac olub-olmadığı barədə düşünün.
    • Tədbir/şənlik adi dozanın qəbul edilmə rejiminə mane olarsa, dozanın daha sonra qəbul edilməsinin mümkünlüyü barədə övladınızın həkimi ilə məsləhətləşin.

    Yuxarı yaşlı yeniyetmələr/gənclər təbii olaraq valideynlərindən sərbəstlik istəyirlər. Dostları ilə görüşməyə və şənliklərə getməyə başladıqları zaman onların nə yediklərini və ya içdiklərini izləmək, habelə insulini düzgün qəbul edib-etmədiklərini bilmək daha da çətinləşir. Bu, bir-birinizlə söhbət etməyin vacib olduğu bir zamandır.

    • Məqam düzgün seçilməlidir – övladınızla təklikdə qaldığınız zaman bir yerdə əyləşin və söhbət edin.
    • Əhval-ruhiyyə əhəmiyyətlidir – Çətinlikləri hər kəsin sakit olduğu və ikinizin də aydın düşünə bildiyiniz zaman müzakirə edin.
    • Əvvəlcə böyük problemləri həll edin – hər kiçik məsələyə deyil, ən vacib məsələlərə diqqət yetirin.
  • Məktəbdə ilk gün: Dərindən nəfəs alın, hər şey yaxşı olacaq!

    Tip 1 şəkərli diabetlə yaşayan uşaqlar məktəbə getdikdə bu, valideynlər üçün də qorxulu ola bilər. Öncədən hazırlıq kömək edə bilər.

    Kiçik yaşlı övladınızı ilk dəfə bağçaya və ya məktəbə göndərmək stresli ola bilər.

    Bu, hər ikiniz üçün emosional andır! Övladınızda tip 1 diabet varsa, bir çox başqa qayğılar da ortaya çıxır.

    Aşağıdakılardan başlayın:

    • Uşağınıza qayğı planını yazılı şəkildə tərtib edin;
    • Hər kəs üçün anlaşıla bilən bir planın tərtib edilməsi üçün övladınızın həkimi və məktəb və ya uşaq bağçasının işçiləri ilə əlaqə yaradın. Bu şəkildə hər kəs nəyi gözləyəcəyini və necə kömək edəcəyini biləcək.

    Mövcud planlardan bəziləri bunlardır.

    Diabeti Tibbi İdarəetmə Planı (DTİP)

    DTİP, övladınızın qayğısına qalan hər kəsin şəkərli diabetin müalicəsində onun ehtiyaclarını anlamasına kömək etmək üçün bir plandır. Övladınızın sərbəst nə edə biləcəyi və nəyə ehtiyac duya biləcəyi çox ətraflı izah edilir.

    Siz və övladınızın həkimi belə bir planı ərsəyə gətirmək üçün birlikdə çalışa bilər və yekunlaşdırmazdan əvvəl övladınızın təhsil aldığı məktəb və ya uşaq bağçası ilə müzakirə edə bilərsiniz.

    Sizin DTİP bu kimi vacib məlumatları əhatə edəcəkdir:

    • Uşağınıza tip 1 diabet diaqnozu nə zaman qoyulub
    • Təxirəsalınmaz hallarda əlaqə vasitələri
    • Aşağıdakı məqamlara dair xüsusi təlimatlar:
      • Qanda şəkərin səviyyəsinə nəzarət (test)
      • İnsulin və digər dərmanların qəbulu
      • Yeməklər və yüngül qəlyanaltılar
      • Fiziki aktivlik
      • Qanda şəkərin səviyyəsinin azalması (hipoqlikemiya) və yüksəlməsi (hiperqlikemiya) zamanı tədbirlər
      • Keton səviyyəsinin yoxlanılması
      • Təcili evakuasiya

    DTİP ildə ən azı bir dəfə yenilənməlidir.

  • Siz və yeniyetmə övladınız: onların ehtiyaclarını anlamaq

    Nəzarətə davam etməklə tip 1 diabeti olan yeniyetmələrə daha çox sərbəstlik verə bilərsiniz.

    Yeniyetməlik dövrü uşaqlar və ya onların valideynləri üçün heç vaxt asan olmur. Ancaq mövzu tip 1 şəkərli diabet olduqda bu ikiniz üçün də daha çox qarışıqlığa, məyusluğa və qorxuya səbəb ola bilər. Bunun səbəbi şəkərli diabetə qayğının yavaş-yavaş olsa da sizdən birbaşa övladınızın nəzarətinə keçdiyi zamanın gəlib çatmasıdır.

    Bu yolda maneələrin ola biləcəyi tamamilə təbiidir. Ancaq unutmayın ki, milyonlarla insan şəkərli diabet ilə yaşayaraq yeniyetməlik illərindən keçməyi bacarıb və vəziyyət hələ də qənaətbəxşdir.

    Beləliklə, aşağıda hər ikinizə bu keçid dövründən keçməyə kömək edəcək bəzi məsləhətlər verilmişdir.

    Münaqişələrin həlli

    Bəzən övladınızın qan şəkəri səviyyəsinin sizin nəzarətinizdən çıxması ilə razılaşmalısınız. Ancaq övladınızın qarşılaşdığı çətinlikləri bilmək onu daha yaxşı istiqamətləndirməyinizə kömək edə bilər.

    Sizin və yeniyetmə övladınızın həll etməsi lazım olan bir neçə problem:

    • Planlaşdırma və impulsivlik. Yeniyetmələr impulsiv davranmağa meyilli olurlar. Onlar öz dostları kimi “anı yaşamaq” istəyirlər.
      • Lakin bildiyiniz kimi, diabetlə həyat tərzi planlaşdırma tələb edir. Beləliklə, onlar özlərini yenilməz hiss etsələr də, bilirsiniz ki, bu gün diabetlə bağlı özlərinə necə qulluq etmələri onların gələcəyi üçün əhəmiyyət kəsb edir.
      • Lakin gənclər gələcəyi çox uzaqda görürlər. Bu səbəbdən hazırda özlərinə qulluğun zəif olmasının sonradan sağlamlıq problemlərinə yol aça biləcəyini xatırlatmaq onları çox da motivasiya edə bilməz.
    • Nəzarət və sərbəstlik. Yeniyetmələr öz həyatlarına nəzarət etmək və kim olduqlarını müəyyənləşdirmək istəyirlər. Onlar daima axtarışda olurlar və bəzən sizin aranızda anlaşılmazlıq ola bilər.
    • Qoruma və həddən artıq qoruma. Günün hər dəqiqəsində yeniyetmə övladınıza nəzarət edə bilməyəcəyinizi bilirsiniz. Bunu etməyə çalışsanız, onları əsəbləşdirə bilərsiniz.
      • Sizin deyil, uşağınızın şəkərli diabeti olduğunu özünüzə xatırladın. Bununla yanaşı, şəkərli diabet üzrə qayğı planlarından çox uzaqlaşdıqları təqdirdə, buna biganə qala bilməyəcəyinizi unutmayın.
    • Kompromis yanaşma. Bir az güzəştə gedə bilərsiniz. Daha gənc yaşlarında etdiyiniz kimi diabetə ciddi şəkildə nəzarət etməkdən bir az çəkinin.
    • Səmimi xatırlatmalar. Yeniyetmələr böyüklərdən daha çox "burada və indi" prinsipi ilə yaşayırlar. Onlara xatırladın ki, şəkərli diabetlə bağlı özlərinə nə qədər yaxşı qulluq etsələr, idman və ya dostları ilə vaxt keçirmək kimi sevdikləri işlərlə bir o qədər çox məşğul ola biləcəklər.

    Köməklik göstərmək üçün ata biləcəyiniz addımlar:

    • Yeniyetmə övladınızla söhbətə davam edin.
      • Yalnız şəkərli diabeti deyil, etdikləri seçimləri müzakirə etməyə açıq olun.
      • Bəzən yeniyetmələr sizinlə rahat danışmaq üçün uyğunsuz vaxtlar seçirlər. Bacardığınız qədər etdiyiniz işi bir kənara qoyun və onu dinləyin.
      • Sadəcə onlar üçün vacib olanı dinləmək aranızda inam və anlayışın formalaşmasına kömək edə bilər.
    • Yeniyetmə övladınızın əlaqə qurmasına kömək edin.
      • Tip 1 diabeti olan bir çox yetkin şəxs gənc yaşlarında necə olduqlarını yada sala və yeniyetmə övladınızla söhbət etmək istəyə bilər. “Anlayışlı” bir məsləhətçinin olması son dərəcə faydalı bir resurs ola bilər.
      • Yeniyetmə övladlarınızı özləri kimi digər yeniyetmələrlə görüşə biləcəkləri tip 1 diabet dəstək qruplarında və diabet düşərgələrində iştirak etməyə cəlb edin
    • Dəstək çağırışı
      • Yeniyetmə övladınızın cüzi çətinliyi olsa belə, ona kömək edə biləcək bir psixoloq və ya başqa həkimlər tapmağa çalışın.
      • Hər hansı bir narahatlığınızı övladınızla necə həll edəcəyinizə dair həkiminizlə məsləhətləşin. Onlar qorxularınızı, çətinliklərinizi və narahatlıqlarınızı dinləməyə hazırdırlar.
    • Ruhdan düşməyin
      • Yeniyetmə övladınıza öz sağlam qidalanma planınıza necə əməl etdiyinizi göstərin. Seçiminizdən əminsinizsə, o, böyük ehtimalla sizi özünə nümunə kimi qəbul edəcək.
      • Yeniyetmə övladınızı səhvlərinə görə cəzalandırmaq əvəzinə, şəkərli diabetlə bağlı özünə yaxşı qulluqdan dolayı onu mükafatlandırın.
    • Övladınızı təkbaşına ağıllı seçimlər etməyə həvəsləndirin.
      • Daimi ünsiyyət üçün həmişə fürsət verin.
  • Gənc övladınızın təhsil və digər səbəblərdən evdən kənar yaşamasına hazırlaşmağa necə kömək etməli?

    Tip 1 diabeti olan gənclərin uğur qazanmasına kömək edə biləcəyiniz bəzi yollar aşağıda göstərilmişdir:

    18-25 yaş arası dövr çox zaman "böyük ümidlər və xəyallar" dövrü hesab olunur. Çünki övladınız ali təhsil ocağına, iş dünyasına və ya həyatın hər hansı bir mərhələsinə hazırlaşdıqda bu yolda böyük ümidlər və dəyişikliklər, eləcə də eniş-yoxuşlar qaçılmaz olacaqdır.

    Tip 1 diabeti olan gəncin qayğısını çəkən bir insan kimi, hər ikiniz yəqin ki, çox şeylər yaşadınız, çətin anları keçmişdə qoyub daha yaxşı bir mövqeyə çatdınız. Beləliklə, onların irəliləməsinə kömək edəcək bənzərsiz bir mövqedəsiniz. Sual olunur, ən çox necə faydalı ola bilərsiniz?

    Şəkərli diabetə qayğı göstərməklə öyrəndikləri bacarıqları dərk etmələrinə kömək edin.

    Tip 1 şəkərli diabetlə necə mübarizə aparılmasını öyrəndikdən sonra gənclər müstəqillik yolunda ilk addımlarını atmağa kömək edəcək vacib bacarıqlara artıq yiyələnmiş olurlar:

    • Gələcək üçün planların qurulması və hədəflərin təyin edilməsi.
      • Onlar həkimi ilə birlikdə HbA1c, pəhriz və idman üçün hədəflər təyin edə bilərlər.
      • Evdən uzaq olduqda ehtiyac duyacaqları ləvazimatları necə planlaşdıracaqlarını bilirlər.
    • Tibbi terminlər, bədən və onun necə işlədiyi barədə məlumat.
      • Onlar tibbi məsələlərlə bağlı artıq məlumatlıdırlar və həkimlər, tibb bacıları və digər tibb işçiləri ilə necə ünsiyyət quracaqlarını bilirlər.
    • İdarəetmə bacarıqları. Onlar aşağıdakılar barədə məlumatlıdırlar:
      • Qərarları necə verməli;
      • Təcili vəziyyətlərdə nə etməli;
      • Səyahəti necə planlaşdırmalı;
      • Şəkərölçənin göstəricilərini oxumaq, pompanı quraşdırmaq və ya insulin şpris qələmindən istifadə etmək kimi məsələlərin öhdəsindən necə gəlməli.
    • Vəziyyəti idarə etmə
      • Xüsusilə qan şəkəri ilə əlaqədar təxirəsalınmaz vəziyyətlərə və şəkərli diabetlə əlaqəli digər problemlərə reaksiya vermək məcburiyyətində qalıblarsa, çox güman ki, stresin idarə edilməsi və problemlərin həll edilməsi üzrə effektiv bacarıqları artıq inkişaf etdirmişlər.
  • Yeniyetmələrə uğurlu olmanın əsas metodlarını öyrədin

    İndi yeniyetmənin gənclik çağına keçid dövründə yaşadığı böyük dəyişikliyi ən yaxşı şəkildə necə idarə edəcəyinizi planlaşdırmağın vaxtıdır. Başlanğıc üçün bir neçə ideya verək.

    • Yeniyetmələrin böyüklər üçün həkim tapmalarına kömək edin
      • Əvvəlcə hazırkı həkim kollektivi ilə söhbət edin. Dəyişikliyin nə vaxt baş verməli olduğuna gənc övladınızla birlikdə qərar verin.
      • Həkimlərin adlarını öyrənin və onların təcrübələrini araşdırın. Görüşün vaxtını təyin edin və onların uyğun olub-olmadığını öyrənin.
    • Yeniyetmələrə tibbi kitabçaları barədə məlumat verin
      • Övladınızın şəkərli diabetə fərdi qayğı göstərmə tarixçəsi və diabetin epizodlarından əsas faktları nəzərdən keçirmək üçün vaxt ayırın. Bu qrafiki yazılı şəkildə tərtib etmək faydalı ola bilər.
      • Keçmişdə yaşanan problemləri və onların həll yollarını necə tapdığınızı müzakirə edin. Keçmişdə baş verənlərlə bağlı tibbi faktları bilməsi üçün onları müzakirə edin. Bu faktları bilmək gələcəkdə diabetin müalicəsinə də kömək edə bilər.
    • Şəkərli diabetin idarə edilməsi ilə bağlı gündəlik tapşırıqları verin Aşağıda qeyd olunanlara icazə verərək övladınıza gündəlik şəkərli diabet qayğılarını öz üzərinə götürməsinə kömək edin:
      • Həkimi ilə görüş təyin etmək;
      • Təyin olunmuş insulin və digər ləvazimatları almaq;
      • Şəkərli diabetin müalicəsi üçün əhəmiyyətli məlumatları və ləvazimatları harada saxlayacağına qərar vermək.
    • Yeniyetmələrə əsas yemək bişirmə bacarıqlarını öyrədin
      • Gənclərin bir çoxu evdən kənarda yeməyə və ya onlar üçün yeməyin hazırlanmasına o qədər alışıb ki, tək qaldıqda çətinlik çəkə bilərlər:
      • Şəkərli diabet üçün uyğun sadə səhər yeməyi, nahar və şam yeməyi hazırlamağa kömək edərək yeniyetmə övladınızın yemək bişirmə vərdişləri qazanmasına kömək edin.
    • Karyeralarını planlaşdırmaqda onlara kömək edin
      • Yeniyetmə övladınızın ali təhsil və ya əlavə peşə təhsili planı ola, yaxud heç bir qəti fikri olmaya bilər. Təşvişə düşməyin! Övladınızı əmin edin ki, diabet onun hər hansı bir karyera qurmasına mane olmamalıdır.

    Gənclik çağına daxil olan yeniyetmələr üçün məsləhətlər

    Yetkin övladınız tək qaldıqda şəkərli diabetlə bağlı özünə qulluq etməsi əhəmiyyət kəsb edəcək. Burada sizin onunla paylaşa biləcəyiniz bəzi tövsiyələr təqdim edilir:

    • Gündəlik kalori qəbulunu izləmək. Hər yeməkdə gündəlik kalorilərinin qəbul etdikləri insulin miqdarı ilə uyğun olub-olmadığını yoxlamaları yaxşı bir fikirdir. Belə olmayan halda, bu və ola biləcək hər hansı çəki problemi barədə məsləhət almaq üçün onları bir dietoloqla məsləhətləşməyə həvəsləndirin.
    • Yeni gündəlik rejim qurmaq. Yeni tapşırıqların avtomatik olaraq gündəlik işlərin bir hissəsinə çevrilməsi üçün vaxt lazım olduğunu onlara xatırladın. Bu, başlanğıcda stresə səbəb ola bilər, ancaq zamanla o da yoluna düşəcək.
    • Enişlər və yoxuşlar həyatın bir hissəsidir. İşlər hər zaman yolunda getməyə bilər. Səhvlərə sakit reaksiya vermələrini – səhvlərin uğursuzluğa işarə olmadığını söyləyin. Onlara bunu qəbul etməyi öyrədin və sizə ehtiyac olarsa, doğru yola qayıtmalarına kömək edə biləcəyinizi söyləyin.
    • Əldə edilə biləcək hədəflər təyin etmək. Övladınıza hədəfləri barədə realist olmağı tövsiyə edin. Onlara əldə edə biləcəkləri kiçik hədəflərdən başlamalarını söyləyin. Uğur qazandıqda özlərinə daha çox inamlı olacaqlar. Hədəfləri çoxdursa, digərinə keçməzdən əvvəl hər bir məqsədə diqqət yetirməlidirlər. Həqiqətən nə istədiklərinə, nəyin ən önəmli olduğuna qərar vermələrinə və yalnız bundan sonra işə başlamalarına kömək edin.
  • Uşaqlar böyüdü – onların yaxşı olduqlarından əmin olsanız siz də yaxşı olacaqsınız

    Tip 1 diabeti olan gənclərə təkbaşına yaşamağa necə kömək edə bilərsiniz?

    Gənc övladınızın ali məktəbə getməsi və ya təkbaşına yaşamaq üçün evi tərk etməsi anına hazırlaşmaq ikinizə də təzyiq göstərə bilər. Ancaq ikiniz də bu dəyişikliyi asanlaşdıra bilərsiniz.

    Gənc övladınızın əsas bacarıqlara yiyələndiyindən əmin olun:

    • Resept əsasında dərmanları almaq və dərmanlar bitmədən onları sifariş vermək;
    • İnsulini yoxlamaq və təkbaşına dərman istifadə etmək;
    • Qanda şəkərin səviyyəsinin aşağı olmasına nəzarət etmək üçün dərmanları əlçatan yerdə saxlamaq;
    • Pəhriz, fiziki aktivlik və qan şəkərinin səviyyəsinə əsasən insulinin miqdarını tənzimləmək;
    • Həkimi ilə görüşlər təyin etmək.

    Gənc övladınızın ali məktəbə getməsindən və ya digər səbəblərindən asılı olmayaraq, bütün şəkərli diabetli pasiyentlərə ehtiyac duyduqları hər şeyi bir yerdə saxlamaq üçün şəkərli diabet dəstinə sahib olmaq tövsiyə olunur.

    Şəkərli diabet dəstində aşağıdakılar olmalıdır:

    • şəkərölçən və test zolaqları;
    • insulin;
    • şprislər;
    • pompa aksessuarları və ya əlavə şpris-qələmlər;
    • itiuclu tibbi ləvazimatlar üçün konteyner;
    • insulin və tibbi ləvazimatlar üçün reseptlər;
    • gənc övladınızda hipoqlikemiyanı təxirə salınmadan müalicə etmək üçün onun istifadə etməyi sevdiyi şəkər mənbələri.

Diabetə qayğı komandası

Müalicəyə yeni başlamağınızdan və ya şəkərli diabetlə uzun illər yaşamağınızdan asılı olmayaraq müalicə planının tərtib edilməsi doğru yolda addımlamağınıza kömək edə bilər.

Diabet hər bir insan üçün müəyyən bir çətinlikdir. Buna görə diabetinizi idarə etməkdə tək olmadığınızı unutmamağınız çox vacibdir.

Kömək etməyə hazır olan müxtəlif profilli həkimlər var. Onlar sizin diabetə qayğı komandanızı təşkil edirlər. Bu komandaya aşağıdakı mütəxəssislər daxil ola bilər:

  • Endokrinoloq;
  • Ailə həkimi;
  • Diabet təlimçisi;
  • Diyetoloq;
  • Ürək həkimi;
  • Podoloq (ayaq həkimi);
  • Göz həkimi;
  • Böyrək həkimi;
  • Diş həkimi;
  • Əczaçı;
  • Psixoloq.

Məqsədinizə nail olmaq üçün öz qayğı planınızı tərtib etdiyiniz zaman sözügedən mütəxəssislərlə, xüsusilə də endokrinoloqunuzla sıx əlaqə saxlayın.

Hədəfə doğru irəliləyin

Haraya getdiyinizi bilmək və oraya gedib çatmaq üçün motivasiyanı qoruyub saxlamaq çox vacibdir.

Bir addım geriyə çəkilərək diabetinizin müalicəsində nələrin yolunda getdiyini, nələrin isə getmədiyini düşünmək yaxşı bir fikir ola bilər. Məsələn, ola bilsin ki, dərmanların qəbulu ilə bağlı artıq gündəlik bir rejiminiz var, lakin qanda şəkərin yoxlanması üzrə testləri hələ də gün rejiminizə uyğunlaşdıra bilmirsiniz. Hədəflərinizi həkiminizlə birlikdə müəyyən edin.

Diabet zamanı özünə qayğı hədəflərinin müəyyən edilməsi üçün 4 məsləhət

Qan şəkərinin səviyyəsinin yoxlanması və qan şəkərinin hədəf səviyyələrinin təyin edilməsi barədə həkiminizlə mütləq danışın. Siz və həkiminiz birlikdə aşağıdakıları edə bilərsiniz:

  • Hədəfləri aydın və spesifik edin. Məsələn, "Mən gündə bir dəfə səhər qanda şəkər səviyyəsini yoxlayacağam."
  • Qarşınıza real hədəflər qoyun. Əgər siz qanda şəkər səviyyəsini həftədə bir dəfə yoxlayırsınızsa, birdən-birə onu gündə 4 dəfə yoxlamaq öhdəliyi sizin üçün çətin ola bilər.
  • Müəyyən vaxt çərçivələrini təyin edin. Bu, sizə hədəflərinizə fokuslanmağa, onlardan geri qalmamağa və onları təxirə salmamağa kömək edəcək — özünüzə bir və ya iki həftə vaxt verin, daha sonra işlərin necə getdiyini qiymətləndirin.
  • Vacib hesab etdiyiniz hədəfləri seçin. Həkiminizin hədəfi nə səbəbdən tövsiyə etdiyinə əmin deyilsinizsə, bunu öyrənmək üçün ona suallar verin.

Motivasiya vacibdir

Sizi sağlam dəyişikliklərə həvəsləndirən amillər barədə düşünün.

Sizi nələrin motivasiya etdiyini yazın və tez-tez gördüyünüz bir yerə yerləşdirin. Məqsədə çatdıqdan sonra, bu gün nələr hiss etdiyinizə diqqət yetirin. Öz məqsədinizə doğru atdığınız kiçik bir addımla hədəflərinizdən birinə çatmaq hissi ən yaxşı motivator ola bilər!

Mövzu ilə bağlı broşurları aşağıdakı linklərdən yükləyə bilərsiniz:

  • Ayağa qulluq qaydaları

  • Diabetlə yaşamaq: müalicə, qidalanma və fiziki aktivlik üçün təlimatınız

  • Diabeti izləmək və nəzarət etmək üçün təlimatınız

  • Diabetə nəzarət gündəliyiniz

  • Göstəricilərinizi bilin

DİABETİNİZİ NƏZARƏT ALTINDA SAXLAYIN

Şəkərli diabetlə yaşayarkən sağlamlığınızı qorumaq üçün edə biləcəyiniz çox şey var. Uğura gedən yol indi başlayır. Mükəmməlliyə deyil, irəliləməyə fokuslanın.

Riayət edəcəyiniz müalicə planının tərtib edilməsi

Müalicəyə yeni başlamağınızdan və ya şəkərli diabetlə uzun illər yaşamağınızdan asılı olmayaraq müalicə planının tərtib edilməsi doğru yolda addımlamağınıza kömək edə bilər.

Şəkərli diabetin müalicəsi ilə bağlı ilk növbədə yadda saxlamalısınız ki, dərmanlar yalnız onları həkim təyinatına uyğun olaraq qəbul etdiyiniz zaman öz təsirini göstərir. Bu o deməkdir ki, dərmanlar düzgün miqdarda, düzgün üsulla, düzgün vaxtda və həkimin təyin etdiyi tezlikdə qəbul edilməlidir.

Xatırladaq ki, dərmanlar diabetin müalicəsinin yalnız bir hissəsidir. Diabetin müalicəsində 4 təməl daşı mövcuddur:

Qidalanma

Fiziki aktivlik

Müalicə

Diabetə nəzarət

Diabetin müalicəsində bu amillərin hər biri mühüm rol oynayır. 4 təməl daşını nəzərə almaqla növbəti bir neçə həftə və ay üçün hədəflərinizi planlaşdırın.

Uğura gedən yol indi başlayır

Elə indi edə biləcəyiniz bütün addımlar barədə düşünün:

  • Diabet dərmanını və insulini təyin edildiyi kimi vaxtında qəbul etmək;
  • Qanda şəkərin səviyyəsinə mütəmadi nəzarət etmək;
  • Ailənizə, dostlarınıza və diabetə qayğı komandanıza sizə kömək etmələrinə imkan yaratmaq.

Diabetinizi daha yaxşı idarə etmək üçün müayinələrinizi mütəmadi olaraq davam etdirin

Diabetinizə nəzarət etməyə kömək edəcək bir neçə növbəti addım vardır:

  • Müalicə planınızı həkiminizlə müzakirə edin və müalicənizin dəyişdirilməsinə ehtiyac olub-olmadığını dəqiqləşdirin;
  • Mütəmadi olaraq göz və ayaq müayinələrinizi planlaşdırın;
  • Özünüzdə ruh düşkünlüyünün əlamətlərini hiss edirsinizsə mütəxəssislə məsləhətləşin;
  • Diqqətinizi müsbət məqamlara yönəldin;
  • İstirahət etmək və stresdən azad olmağın yollarını araşdırın;
  • Gecələr kifayət qədər yatmağı vərdiş halına gətirin;
  • Diabetinizin daha yaxşı idarə edilməsi istiqamətində göstərdiyiniz bütün səylər üçün vaxtaşırı olaraq özünüzü mükafatlandırın!
  • Hədəflərinizi bilin

    Qanda şəkərin gündəlik səviyyəsi

    Diabetin idarə edilməsinin bir hissəsi qanınızda şəkərin səviyyəsinin göstəricilərinin yoxlanılması və onların sağlamlığınıza necə təsir edəcəyini bilməkdir. Siz və həkiminiz qanda şəkərin səviyyəsinin sizin üçün uyğun olan hədəf göstəricilərini təyin edəcəksiniz. Gündəlik olaraq qanda şəkərin səviyyəsini yoxlamaq və göstəriciləri izləmək diabeti daha yaxşı idarə etməkdə sizə və həkiminizə kömək edəcəkdir.

    Hər dəfə qanınızda şəkərin səviyyəsini yoxlayarkən siz aşağıdakı vacib məlumatları öyrənəcəksiniz:

    • Qanınızda şəkərin səviyyəsinin həddən artıq yüksək və ya aşağı olduğunu;
    • Fiziki aktivliyin və qidanın qan şəkərinə necə təsir etdiyini;
    • İnsulin və ya digər diabet əleyhinə dərmanın effektiv olub-olmadığını.

    Siz və həkiminiz qanda şəkərin səviyyəsini nə zaman və hansı tezliklə yoxlamaq lazım olduğu barədə qərar verəcəksiniz. Qanda şəkərin səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş vaxtlar:

    • Yuxudan oyandıqdan sonra;
    • Yemək və qəlyanaltılardan əvvəl;
    • Fiziki hərəkət zamanı, ondan əvvəl və ya sonra;
    • Yatmazdan əvvəl;
    • Yeməkdən 2 saat sonra (hamilə qadınlarda 1 saat sonra).

    Amerika Diabet Assosiasiyası (ADA) tərəfindən bir çox yetkin insanlar üçün (hamilə qadınlar istisna olmaqla) qandakı şəkərin tövsiyə edilən hədəf göstəriciləri aşağıda qeyd edilmişdir (sizin hədəf səviyyəniz fərqli ola bilər):

    • Qanda şəkərin səviyyəsi yeməkdən əvvəl: 80-130 mq/dl
    • Qanda şəkərin səviyyəsi yeməyə başladıqdan 1-2 saat sonra: <180 mq/dl

    ADA əksər böyüklər üçün (hamilə qadınlar istisna olmaqla) HbA1c-nin hədəf göstəricisinin 7%-dən az olmasını təklif edir. Sizin fərdi hədəf göstəriciniz daha yüksək və ya daha aşağı ola bilər.

    Mükafata fokuslanın

    Qanda şəkərin səviyyəsini izləmək heç də hər zaman rahat deyil. Lakin bu diabetin müalicəsinin mühüm hissəsidir.

    Qanda şəkərin səviyyəsini davamlı olaraq yoxlamaq və xüsusilə də buna məcburiyyət olması stresli ola bilər. Hətta bəzi zamanlarda sizdə məyusluq hissi də yarana bilər. Lakin yadda saxlamaq lazımdır ki, qanda şəkərin səviyyəsini nə qədər çox yoxlasanız, diabetinizi daha yaxşı idarə edəcəksiniz. Bununla da qidalanmağınızı, fiziki aktivliyinizi və ya insulin dozasını daha düzgün tənzimləyə biləcəksiniz.

    Sizə bəzi məsləhətlərimiz var:

    • Sakit bir yer tapın: Sağlamlıq barədə məsələləri məxfi saxlamaq istəyi təbiidir. Şəkərölçən cihazdan istifadə etmək üçün tək qala biləcəyiniz sakit bir yer tapın. Qeyd edək ki, şəkərölçən cihazların əksəriyyəti çox kiçik, sürətli və səssizdir.
    • Gündəlik rejim qurun: Qanda şəkəri hər gün eyni vaxtda yoxlayın və dərhal qeyd edin ki, nəzarətdə saxlayasınız. Qeydlərinizi rahat bir yerdə saxlayın.
    • Mütəmadi olaraq qeydlər aparın: Həkiminizin sizə söylədiyi hər bir şeyi — qəlyanaltıları, içkiləri, karbohidrat tərkibini və fiziki hərəkətləri — vaxtında qeyd etmək narahatçılığınızın bir hissəsini aradan qaldıra bilər. Düşünə bilərsiniz ki, qeydləri sonra edərəm. Lakin bu zaman bəzi detalları xatırlamaya bilərsiniz. Eləcə də diabetinizlə bağlı yaranan bütün sualları evdə qeyd edərək qəbul zamanı həkiminizlə müzakirə edin.
    • Hər zaman öyrənməyə çalışın: Qanda şəkərin səviyyəsinin ölçülməsi uğurun və ya uğursuzluğun əlaməti deyil. Bu, qlükozanın səviyyəsinə nəzarət etməyə nələrin təsir etdiyini öyrənmək və gələcəkdə onları daha yaxşı idarə edə bilməyiniz üçün yaxşı imkandır. Tendensiyaları müəyyənləşdirməyi öyrənin: məsələn, karbohidratlarla zəngin olan yeməklərdən sonra qanda qlükozanın səviyyəsinin yüksəlməsi və ya fiziki hərəkətlərdən sonra azalması.
    • Özünüzə qarşı çox tələbkar olmayın: Qanda şəkərin səviyyəsinin göstəricilərinə görə "məqbul/qeyri-məqbul" qiymətləri verilmir. Bunlar sadəcə məlumatlardır. Şəkərölçən cihaz sadəcə olaraq diabetə daha yaxşı nəzarət etmək üçün qanda şəkərin səviyyəsini müəyyənləşdirməyə kömək edir.
  • Qanda şəkərin səviyyəsi normadan aşağı düşdükdə görüləcək tədbirlər barədə qısa məlumat

    Şəkərli diabet səbəbindən qanda şəkərin səviyyəsinin aşağı olmasını (hipoqlikemiya) necə öyrənmək və hansı tədbirləri görmək lazımdır?

    Hipoqlikemiya - qanda şəkərin miqdarının 70 mq/dl və ya daha aşağı səviyyəyə düşməsidir. Siz qanda şəkərin hansı səviyyəsinin sizin üçün həddən artıq aşağı olduğunu həkiminizdən soruşmalısınız. Qanda qlükozanın səviyyəsi aşağı olduqda buna qarşı tədbir görülməlidir və siz buna hazır olmalısınız. Buna görə də hipoqlikemiya əlamətlərini bilmək lazımdır.

    Qanda şəkərin səviyyəsinin aşağı düşməsinə nə səbəb olur?

    • Müəyyən dərmanların istifadəsi və karbohidratların çox az miqdarda qəbul edilməsi;
    • Yemək vaxtının ötürülməsi və ya gecikdirilməsi;
    • Həddindən artıq insulin və ya diabet əleyhinə dərmanın qəbul edilməsi (bunun sizə aid olub-olmadığını həkiminizdən soruşun);
    • Adi vaxtlarla müqayisədə daha artıq fiziki aktivlik;
    • Qida qəbul etmədən spirtli içkilərin istifadəsi.

    Qanınızda qlükozanın səviyyəsinin aşağı olmasının (hipoqlikemiya) əlamətlərini (simptomlarını) erkən mərhələdə tanıyın və tədbirlər görün

    Qanda şəkərin miqdarının azalması qəflətən və istənilən vaxt baş verə bilər. Əksər hallarda, siz onun əlamətlərini hiss edəcəksiniz. Bu əlamətləri dərhal bilmək və ona qarşı tədbir görmək yarana biləcək ağırlaşmaların qarşını almaqda sizə kömək edəcək.

    Fiziki simptomlar:

    • Titrəmə
    • Başgicəllənmə
    • Bayılma
    • Ürək döyüntülərinin tezləşməsi
    • Baş ağrısı
    • Aclıq hissi
    • Ürəkbulanma
    • Qıcolmalar (tutmalar)
    • Müvazinət pozulmaları
    • Yuxululuq
    • Tərləmə
    • Ağız ətrafında (dodaqlarda və ya dildə) keyləşmə hissi
    • Yorğunluq və süstlük

    Emosional simptomlar:

    • Təşviş hissi
    • Huşun bulanıqlaşması
    • Diqqət cəmləmənin çətinləşməsi
    • Əsəbilik
    • Gecələr qorxulu yuxugörmələr və ya yuxuda qışqırmalar
    • Şəxsiyyət dəyişkənliyi (səbəbsiz yerə ağlağanlıq)

    Qanda şəkərin səviyyəsi aşağı olduqda (hipoqlikemiya) nə etmək lazımdır?

    Hər hansı simptomlar meydana çıxdıqda və ya şübhələndiyiniz məqamlarda qanda şəkərin səviyyəsini dərhal yoxlamaq lazımdır. Əgər şəkərin səviyyəsi aşağıdırsa (hipoqlikemiya) və ya aşağı düşmə ehtimalı varsa, 15 qram tez mənimsənilən karbohidrat tərkibli qida və ya içki qəbul edin:

    "15 qram karbohidrat" necə müəyyənləşdirilməli?

    Qida və ya içki qəbul etdikdən sonra 15 dəqiqə gözləyin və qanda şəkərin səviyyəsini yenidən yoxlayın.

    Əgər şəkərin səviyyəsi yenə də aşağıdırsa, əlavə olaraq yenidən 15 mq karbohidrat qəbul edin.

    Qanda şəkərin səviyyəsi normaya qayıtdıqdan sonra əgər planlaşdırılmış növbəti qida qəbulunuz 1-2 saat sonra və ya daha gec olacaqsa, ara yeməyi və ya qəlyanaltı qəbul etməklə şəkər səviyyəsini normada saxlamağa çalışın.

    Qanda şəkərin səviyyəsinin aşağı düşməsini necə müalicə edəcəyiniz barədə hər zaman həkiminizlə məsləhətləşin. Əgər bu hal tez-tez baş verirsə, bu barədə həkiminizi məlumatlandırın. Diabetin müalicəsi üzrə dəyişiklik etmək üçün həkiminizlə birlikdə çalışmalısınız.

    Gecələr qanda şəkər səviyyəsinin aşağı düşməsi (gecə hipoqlikemiyası)

    Gecələr qanda şəkər səviyyəsinin aşağı düşməsinin əlamətlərinə aşağıdakılar aiddir:

    • Tərləmə: oyanarkən paltarlarınızın/yataq örtüyünün nəm olması
    • Baş ağrısı: oyanarkən baş ağrısı və/ və ya yorğunluq, əsəbilik, təlaş və ya huşun bulanıqlaşdığını hiss etmək
    • Yuxu pozulması: narahat və qorxulu yuxugörmələr

    Həmçinin də siz oyanarkən qanınızda şəkərin səviyyəsi yüksək ola bilər. Çünki gecə yuxuda hipoqlikemiya keçirmiş ola bilərsiniz və bu halda bədəniniz kompensator olaraq şəkər səviyyəsini bərpa etməyə çalışır.

    Gecələr qanda şəkərin səviyyəsinin azalmasının bəzi səbəbləri:

    • Həddən artıq fiziki aktivlik: Çox gərgin bir gün keçirmək və ya yatana yaxın fiziki işlərlə məşğul olmaq gecə qanda şəkərin azalmasına səbəb ola bilər. Bəzi insanlar üçün hətta günün ikinci yarısında idmanla məşğul olmaq gecə qanda şəkərin səviyyəsinin azalması ilə nəticələnə bilər.
    • Axşam saatlarında spirtli içki qəbul etmək: Spirtli içki qəbulu, xüsusilə çox miqdarda qəbulu, gecə qan şəkəri səviyyənizin aşağı düşmə riskinə səbəb ola bilər. Xüsusilə də əgər alkoqollu içkini acqarına vəziyyətdə qəbul edirsinizsə. Bu ona görə baş verir ki, qaraciyər orada toplanmış ehtiyat qlukozanı qana buraxmaq əvəzinə alkoqolun qandan təmizləməsi ilə məşğul olur. Əgər sizdə tip 1 şəkərli diabet varsa, alkoqollu içkilərin qəbulu, xüsusilə də çox miqdarda qəbulu, bir qayda olaraq tövsiyə edilmir.
    • Gec və ya yatmazdan əvvəl şam yeməyi: Hətta yatmazdan əvvəl qanınızda şəkərin səviyyəsi normal olsa belə, gec (yatmazdan bir neçə saat əvvəl) şam etmək gecə qanınızda şəkərin səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Gündüz və axşam qəbul etdiyiniz qidanın, fiziki hərəkətlərin və insulinin dozasının qan şəkəri göstəricilərinizə necə təsir etdiyini görmək üçün gecə vaxtı şəkərin səviyyəsini ölçə bilərsiniz.

    Gecələr qanda şəkər səviyyəsinin azalmasının qarşısını almaq üçün aşağıdakılar tövsiyə edilir:

    • Yatmazdan əvvəl və ya gecə saatlarında qan şəkərinin yüksək səviyyəsini tənzimləmək üçün qısamüddətli təsirə malik insulin qəbul etməyin. Bu, gecə saatlarında qanda şəkərin səviyyəsinin azalmasına səbəb ola bilər. Bir çox insanlar üçün tez təsir edən insulinin (qısamüddətli) hər bir vahidi qan şəkərini gecələr gündüzdən daha çox azalda bilər.
    • Potensial risklərin qiymətləndirilməsi: Gecə hipoqlikemiyasının bütün səbəbləri barədə düşünün. Sizdə və ya qayğı göstərdiyiniz şəxsdə hipoqlikemiya riskinin olduğunu hiss edirsinizsə, xüsusilə də, yatmazdan əvvəl qanda şəkərin səviyyəsi artıq aşağı düşübsə, yatmazdan əvvəl kiçik qəlyanaltı qəbulu hipoqlikemiya riskinin azaldılmasına kömək edə bilər.
    • İnsulin pompasından istifadəni nəzərdən keçirin: İnsulin istifadə edən bir çox insanlar insulin pompasına keçməklə gecə hipoqlikemiyalarının riskini azalda bilərlər. Əgər sizdə (və ya yaxın insanda) gecələr qanda şəkərin səviyyəsinin aşağı düşməsi ilə bağlı problemlər varsa və siz artıq insulin pompasından istifadə edirsinizsə, gecə hipoqlikemiyasının qarşısını almaq məqsədilə pompanın dozasını necə tənzimləməyiniz barədə həkiminizlə məsləhətləşin.
  • anda şəkərin səviyyəsinin yüksək olması (hiperqlikemiya): Nələri bilməlisiniz?

    Hiperqlikemiyanın əlamətlərini və onları idarə etməyi öyrənin.

    Hiperqlikemiya qanda qlükozanın/şəkərin səviyyəsinin yüksək olduğunu bildirən bir termindir.

    Orqanizmdə insulinin miqdarı çox az olduqda və ya bədən hüceyrələrini yetərincə insulindən istifadə edə bilmədikdə qanda şəkərin səviyyəsi yüksəlir.

    Qanınızda şəkərin miqdarı yeməkdən sonra 180 mq/dl və ya daha yüksək olduqda hiperqlikemiya baş verir. Hiperqlikemiya şəkərli diabetin yaxşı idarə edilib-edilməməsindən asılı olmayaraq hər bir pasiyentdə baş verə bilər. Diabetə yaxşı nəzarət olunmadıqda qanda şəkərin səviyyəsinin yüksək olma epizodları daha tez-tez baş verə bilər.

    Yüksək – nə dərəcədə yüksəkdir? Qanınızda şəkərin səviyyəsi yüksəkdirsə, onu necə dəyərləndirmək olar?

    Qanda şəkərin səviyyəsinin yüksəlməsinə nə səbəb olur?

    • İnsulinin vurulmasının unudulması;
    • İnsulin dozasının azaldılması;
    • İnsulin dozasının vaxtının gecikdirilməsi;
    • Adi vaxtlara nisbətən daha çox qida qəbul etmə;
    • Adi vaxtlara nisbətən fiziki fəallığın daha az olması;
    • Stress keçirmə;
    • Soyuqdəymənin olması və ya qripə yoluxma.

    Hiperqlikemiyanın simptomları hansılardır?

    Hiperqlikemiyanın əlamətlərini erkən aşkar etmək və tədbir görmək vacibdir. Bunun üçün qanda şəkər səviyyəsini tez-tez yoxlamalısınız.

    Əlamətləri:

    • Həddən artıq susuzluq və ya aclıq hissi;
    • Daha tez-tez sidik ifrazı ehtiyacının olması;
    • Ağız və ya dəri quruluğu;
    • Bulanıq görmə;
    • Yorğunluq və ya süstlük;
    • Xora və yaraların daha gec sağalması;
    • Səbəbsiz çəki itkisi.

    Qanda şəkərin səviyyəsi yüksək olduqda nə etməli?

    Əgər sizdə qan şəkərinin yüksəlməsinin (yeməkdən əvvəl 130 mq/dl-dən yüksək və ya yeməyə başladıqdan 2 saat sonra 180 mq/dl-dən yüksək) əlamətləri və ya simptomları varsa, aşağıdakı addımları atın:

    • Bol miqdarda su və ya şəkərsiz maye qəbul edin. Gündə ən azı 8 stəkan su içməyə çalışın.
    • Qanınızda şəkərin səviyyəsini daha tez-tez yoxlayın: Yeməkdən əvvəl, yatmazdan əvvəl və bəzən yeməkdən 2 saat sonra.
    • Müşahidələr aparın. Qanda şəkərin səviyyəsinin yüksək olduğu vaxtları və bunun mümkün səbəblərini izləyin və həkiminizlə bölüşün.
    • Həkiminizi məlumatlandırın. Qanınızda şəkər səviyyəsi azalmırsa həkiminizlə əlaqə saxlayın.

    Qanınızda şəkərin səviyyəsi normadan yüksəkdirsə, aşağıdakılara riayət etməklə onu azalda bilərsiniz:

    • Qidalanma planınıza riayət edin;
    • Diabetə qayğı komandası ilə təyin etdiyiniz fiziki aktivlik planına əməl edin;
    • Dərmanınızı vaxtı-vaxtında qəbul edin.
  • Səfərə gözəl əhval-ruhiyyə ilə başlayın!

    Şəkərli diabet sizin səyahət planlarınıza mane olmamalıdır. Bu, sadəcə olaraq əvvəlcədən kiçik bir hazırlıq tələb edir.

    Diabetlə yaşamaq və ya diabeti olan bir insana qulluq etmək səyahət planlarınıza mane olmamalıdır! Ailə tətillərindən tutmuş işgüzar səfərlərə qədər diabetə nəzarəti tamamilə münasib etmək üçün sadəcə kiçik bir hazırlıq lazımdır. Şəkərli diabeti olan insanların səyahət etməsi üçün bəzi məsləhətlər:

    Səyahətə çıxmazdan əvvəl

    • Əlavə şprislər, insulin qələmləri, iynələr, şəkərölçən test zolaqlar və digər ləvazimatları, eləcə də tez xarab olmayan qəlyanaltıları özünüzlə götürün.
    • İnsulini harada saxlayacağınızı düşünün. Hava həddindən artıq isti və ya soyuqdursa, bu heç də yaxşı deyil. Saxlama şərtləri ilə bağlı məlumat əldə etmək üçün preparatın içlik vərəqəsinə baxın.
    • Səyahətiniz bir neçə gündən daha çox davam edəcəksə, diabetinizin nəzarət altında olduğuna əmin olmaq üçün həkiminizlə əlaqə saxlayın.
    • Müxtəlif saat fərqləri və səyahətlə bağlı digər dəyişiklikləri nəzərə alaraq diabetin müalicə planında düzəlişlər etmək üçün həkiminizə müraciət edin.
    • Uçuş zamanı mümkün olduğu hallarda diabet əleyhinə dərmanları, insulini və test ləvazimatlarını reseptləri ilə birlikdə qablaşmalarında özünüzlə götürün.
    • Onları yük baqajına verməyin və həddən artıq yüksək və ya alçaq temperaturların təsirinə məruz qala biləcəkləri yerlərdə SAXLAMAYIN.
    • Sizdə və ya yol yoldaşınızda diabetin olduğu barədə hava limanının təhlükəsizlik xidmətinə məlumat verin və yoxlanışdan keçməzdən əvvəl üzərinizdə hər hansı bir ləvazimatın və ya insulin pompasının olub-olmadığını onlara bildirin. Beynəlxalq qaydalara əsasən siz pompanı çıxarmadan yoxlanışdan keçə bilərsiniz, lakin təhlükəsizlik sistemindən keçmək üçün əlavə vaxt ayırın.

    Yolda və təyinat məntəqəsinə çatdıqda

    • İçərisində həm sadə, həm də mürəkkəb (gec mənimsənilən) karbohidratların olduğu qəlyanaltıları yaxşı qablaşdırılmış vəziyyətdə saxlayın. Ağıllı seçimlər – qoz-fındıq, pendir və krekerlər, meyvələr (o cümlədən kişmiş), qlükoza tabletləri və ya tez çeynəyə biləcəyiniz konfetlər.
    • Qanda şəkərin səviyyəsini tez-tez yoxlayın. Gündəlik rejiminizin dəyişməsi qan şəkəri göstəricilərinə təsir edə bilər.
    • Rahat ayaqqabılar geyinin və heç vaxt ayaqyalın gəzməyin. Ayaqlarınızı hər gün yoxlayın. Suluqlara, kəsiklərə, qızartılara, şişkinlik və sıyrıqlara diqqət yetirin. İnfeksiyanın və ya iltihabın ilk əlamətləri meydana çıxdıqda tibbi yardım üçün həkiminizə müraciət edin.
  • Gələcəkdə fəsadların yaranma riskinin qarşısının alınması

    Elə indi diabetlə bağlı gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görmək vaxtıdır.

    Yəqin bilirsiniz ki, diabet davamlı yüksək qan şəkəri göstəricisinin olması zamanı orqanizminizdə ağırlaşmalara səbəb ola bilər. Lakin diabetin orqanizmə vurduğu zərərin bir çox əlamətləri illərlə özünü büruzə verməyə bilər. Hətta əlamətlər o qədər kiçik ola bilər ki, siz onlara diqqət yetirməyə bilərsiniz. Məhz bu səbəbdən, gələcəkdəki problemləri izləmək və onları azaltmaq üçün elə indi nələri edə biləcəyinizi bilmək çox vacibdir.

    1. Sağlamlığınızı qoruyun.

    Sağlam həyat tərzi vərdişləri hər kəs üçün vacibdir. Şəkərli diabetlə yaşayarkən, bunun xüsusilə faydalı olduğunu görə bilərsiniz.

    Şəkərli diabetlə yaşayarkən diabetin müalicəsinin 4 təməl daşını unutmamaq çox vacibdir.

    2. Laborator müayinələrdən keçin.

    Həkiminizin məsləhət gördüyü laborator müayinələr diabetin sizdə hər hansı bir sağlamlıq probleminə səbəb olub-olmadığını müəyyyən edə bilər.

    3. Qanda şəkərin səviyyəsini nəzarətdə saxlayın.

    Bu şəkərli diabetin müalicəsinin əsasıdır, çünki zaman keçdikdə qanda şəkərin səviyyəsinin yüksək olması(hiperqlikemiya) bəzi ciddi problemlərə səbəb ola bilər. Nəzarətdə saxlanmadığı təqdirdə, yüksək qan şəkəri bədənin bir çox nahiyələrinə mənfi təsir göstərə bilər.

    Amerika Diabet Assosiasiyası (ADA) tez-tez rast gəlinən bəzi problemlərin siyahısını hazırlayıb. Aşağıda siz onların hər birinin təsvirləri və risklərinin azaltmaq yolları barədə məlumat əldə edə bilərsiniz.

    Ayaqlar

    Ayaqlarınıza xüsusi diqqət yetirin. Sinir zədələnməsi və qan dövranının pisləşməsi problemlərə səbəb ola bilər.

    Sinirlərin zədələnməsi insanın ağrını, isti və ya soyuğu hiss etməsinə mane ola bilər.

    Beləliklə ayağınızda yara və ya kəsik meydana çıxdıqda, siz bunu hiss etməyə və nəticə etibarilə müalicə etməyə bilərsiniz. Nəticədə yara və ya kəsik ağırlaşa və infeksiyalaşa bilər.

    Periferik damarların xəstəliyi zamanı ayaqlarda qan dövranı zəifləyə və beləliklə də infeksiyalar sağalmaya bilər.

    Diabeti olan insanlar aşağıdakı məsləhətlərdən istifadə etməklə ayaqlarını qoruya bilərlər:

    • Hər il ayaqlarınızı tam müayinədən keçirin, əgər ayaq problemləriniz varsa, müayinədən daha tez-tez keçməlisiniz.
    • Ayaqlarınızı hər gün yuyun. İsti, sabunlu sudan istifadə edin və ayaqlarınızı yaxşı qurudun
    • Yuduqdan sonra dərinin quruluğunu aradan qaldırmaq üçün ayaqlarınızı kremlə nəmləndirin (barmaqların arası xaric).
    • Hər gün ayaqlarınıza hərtərəfli baxış keçirin. Çəkili insansınızsa, baxış üçün güzgüdən də istifadə edə bilərsiniz.
    • Hətta evin içində belə ayaqyalın gəzməyin.
    • Ayaqqabının və corabın ayağınıza rahat oturduğundan əmin olun.
    • Ayaqlarınızı hər gün yoxlayın, kəsiklərə, zədələnmələrə və ya şişkinliklərə diqqət yetirin.
    • Ayaqlarınızda hər hansı bir şəkildə zədə və ya nasazlıq (qabarlar, döyənəklər və ya dırnaq batması ) varsa həkiminizə müraciət edin.
    • Ayaq dırnaqlarınıza qulluq edin, dırnaqların kənarlarını hamarlamaq üçün dırnaq yeyəsindən (pilka) istifadə edin.
    • Dırnaqtutandan (qayçı) istifadə etməyin, çünki dərinizi zədələyə bilərsiniz.
    • Əgər kəsik və ya sıyrıq meydana çıxarsa onu dərhal müalicə edin.
    • Hər dəfə tibbi müayinəyə getdikdə ayaqlarınızı mütləq yoxlatdırın.

    Sinirlər

    Bədənimizdəki sinirlər beyinə siqnallar göndərən və ondan siqnallar qəbul edən naqillərə bənzəyir.

    Zaman keçdikdə yüksək qan şəkəri bədəninizdəki sinirləri zədələyə bilər. Bu zədələnmə neyropatiya adlandırılır.

    Bunun baş vermə səbəbi tam aydın deyil. Lakin uzun müddət diabeti olan insanlarda sinirlərin zədələnmə ehtimalı daha çoxdur.

    inir zədələnməsinin bəzi əlamətləri:

    • Əllərdə və ya ayaqlarda yanma, keyimə və ya ağrı hissi
    • Sidik ifrazı və ya defekasiya zamanı problemlər
    • Həzm problemləri
    • Cinsi problemlər
    • Əzələ zəifliyi
    • Gücdən düşmə
    • Hissiyyatın itirilməsi

    Bu simptomlar qalıcı və keçici ola bilər. Hətta bəzi vaxtlar ağırlaşa bilər.

    Lakin onların yaranmasına həm də digər sağlamlıq problemləri səbəb ola bilər. Sizdə və ya yaxın bir insanda bu problemlər varsa həkiminizlə məsləhətləşin.

    Sinir zədələnməsi riskini azaltmaq üçün bəzi məsləhətlər:

    • Qanınızda şəkərin səviyyəsini hədəf səviyyəyə mümkün qədər yaxın göstəricidə saxlayın
    • Spirtli içkilər qəbul etməyin
    • Siqaret çəkməyi tərgidin
    • Fiziki aktiv olun

    Gözlər

    Qanda şəkərin yüksək səviyyədə olması gözlərinizi qanla təchiz edən kiçik damarları zədələyə bilər. Bu zədələnmə müxtəlif problemlərə, o cümlədən görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.

    Şəkərli diabetin ağırlaşmalarının, o cümlədən görmə problemlərinin əmələ gəlməsi mütləq deyildir.

    Aşağıdakı tədbirlər gözlərinizi qorumağa kömək edə bilər:

    • Qanda şəkərin səviyyəsini həkiminizin təyin etdiyi hədəf diapazonunda saxlayın
    • Qan təzyiqinizi həkiminizin təyin etdiyi hədəf diapazonunda saxlayın
    • İldə bir dəfə gözlərinizi müayinə etdirin
    • Əgər sizdə və ya qulluq etdiyiniz şəxsdə bulanıq görmə varsa və ya gözlərinizin qarşısında üzən xırda ləkələr görürsünüzsə, dərhal həkiminizə müraciət edin

    Böyrəklər

    Böyrəklər qanı süzərək, onu zərərli məhsullarından təmizləyirlər. Müalicə edilmədikdə, zaman keçdikcə qanda şəkərin səviyyəsinin yüksək olması böyrəklərdə kiçik qan damarlarını zədələyə bilər. Bu zədələnmə qanı süzmək üçün böyrəkləri daha çox işləməyə vadar edir. İllər ərzində böyrəklərin həddən artıq işləməsi böyrək çatışmazlığına gətirib çıxara bilər.

    Böyrəklərinizi qorumaq üçün aşağıdakıları edə bilərsiniz:

    • Qanınızda şəkərin səviyyəsini və qan təzyiqinizi nəzarət altında saxlayın.
    • Sidik analizləri. Hər il sidikdə gizli zülal səviyyəsini (sidikdə mikro albumin testi) yoxlatdırın. Bu, böyrəklərin zədələnməsini erkən mərhələdə, yəni ağırlaşma baş verməmiş aşkarlamağa kömək edə bilər.
    • Qan analizləri. İldə ən azı bir dəfə qan zərdabında kreatininin səviyyəsini yoxlatdırın. Bu analiz də böyrək zədələnməsini aşkar etməyə kömək edə bilər.
    • Siqaret çəkməyi tərgidin. Siqaret kiçik qan damarlarının zədələnmə riskini artırır.

    Qan-damar sistemi

    Damar xəstəlikləri bədəninizdə müxtəlif qan damarlarının zədələnməsinə səbəb ola bilər. Oksigen, qlükoza, qida və digər maddələr qan damarlarımızda dövr edərək bədənin müxtəlif nahiyələrinə çatdırılır. Damarlarda tıxanma yaranarsa sizdə problemlər əmələ gələ bilər.

    Periferik arteriyaların xəstəliyi (PAX) zamanı arteriyaların tıxanması ayaqlarda qan dövranını pozur. Bu zaman ayaqlarda aşağıdakı əlamətlər əmələ gəlir:

    • Qıcolmalar
    • Ağrı
    • Yanma hissi

    Diabeti olan insanlarda diabeti olmayanlarla müqayisədə damar xəstəliklərinin yaranma ehtimalı 2-4 dəfə çoxdur. Damar xəstəliklərinin qarşısını almaq üçün ADA (Amerika Diabet Assosiyasiyası) aşağıdakı addımları tövsiyə edir:

    • Siqaret çəkməyi tərgidin
    • Qanda pis (təhlükəli) xolesterini (ASLP) azaldın və yaxşı xolesterini (YSLP) artırın
    • Yüksək qan təzyiqini aşağı salın
    • Fiziki fəallığı artırın
    • Düzgün qulluq və müalicə barədə həkiminizdən məlumat alın

    Dişlər və diş əti

    Diabet ağız boşluğunda da problemlərə səbəb ola bilər. Qanda şəkərin səviyyəsi yüksək olduğu zaman ağız suyuna daha çox miqdarda şəkər keçir ki, bu da zərərli bakteriyaların çoxalmasına kömək edir.

    Problemlərə aşağıdakılar aid ola bilər:

    • Diş əti infeksiyaları/xəstəlikləri
    • Gec sağalma
    • Kariyes/dişin itirilməsi
    • Süd yarası (göbələk infeksiyası)

    Diş əti xəstəliyi təhlükəsi

    Şəkərli diabetin ağız boşluğunda səbəb ola biləcəyi bütün problemlər arasında ən təhlükəlisi diş əti xəstəliyidir. Nə üçün? Şəkərli diabeti olan insanlar bakterial infeksiyalara qarşı daha həssasdırlar. İnfeksiya baş verdikdən sonra diabet onun müalicə edilməsini daha da çətinləşdirir.

    Dişlərinizi və diş ətinizi qorumaq üçün məsləhətlər:

    • Dişlərin və diş ətinin müayinəsi və diş daşlarının təmizlənməsi üçün ildə iki dəfə diş həkiminin müayinəsindən keçin. Diabetinizsin olduğunu diş həkiminə mütləq bildirin.
    • Diş ətiniz qanayırsa, qızarıbsa və ya ağrılıdırsa və bu hallar bir neçə gündən artıq davam edərsə, diş həkimi ilə əlaqə saxlayın. Bunlar diş əti xəstəliyinin əlamətləri ola bilər.
    • Dişlərinizi gündə 2 dəfə fırçalayın və gündə bir dəfə diş sapı ilə təmizləyin.
    • Siqaret çəkməyi tərgidin.

HbA1c və qanda şəkər: Biz nəyə diqqət yetiririk?

Hər iki analizin hansı mühüm məlumatları verdiyini öyrənin:

Qanınızda şəkərin səviyyəsini yoxlamaq və göstəricilərinizi izləmək diabetin müalicəsi üzrə planınızın əhəmiyyətli bir hissəsidir. Qanınızda həm HbA1c-nin, həm də şəkərin səviyyəsi diabeti nə dərəcədə yaxşı idarə etdiyinizi göstərir.

Bəs bu iki test arasındakı fərq nədən ibarətdir?

Qanda şəkər səviyyəsinin ölçülməsi

Qanınızda şəkərin və ya qlükozanın səviyyəsinin ölçülməsi diabetə gündən-günə necə nəzarət etdiyinizi göstərə bilər. Bu, ev şəraitində yerinə yetirə biləcəyiniz bir testdir və aşağıdakıları göstərə bilər:

  • Qəbul etdiyiniz dərmanların nə dərəcədə effektiv olduğunu göstərir
  • Fiziki fəallığınızın və qəbul etdiyiniz qidaların qan şəkərinizə necə təsir etdiyini aşkarlayır
  • Qan şəkərinizdə baş verən dəyişiklikləri görməyinizə, eləcə də fiziki fəallığınızın, qida rasionunuzun və stresin qanınızda şəkərin səviyyəsinə necə təsir etdiyini daha da yaxşı anlamağınıza kömək edir.
  • Sizə qanda şəkərin səviyyəsinin azalmasının (hipoqlikemiya) və yüksəlməsinin (hiperqlikemiya) qarşısını almağa kömək edir

HbA1c qanda şəkərin səviyyəsi barədə tam bir təsəvvür yaradır və xəstəxana şəraitində aparılır. Bu test son 2-3 ay ərzində qan şəkərinin orta səviyyəsini ölçərək, keçən zaman ərzində qan şəkərinin səviyyəsini nə dərəcədə yaxşı idarə etdiyinizi göstərir. Bu, qanınızda şəkərin səviyyəsi barədə "yaddaş"a bənzəyir.

HbA1c nin səviyyəsi qanda şəkərin orta səviyyələri ilə necə uyğunlaşır?

Bu test şəkərölçən cihazınızda gördüyünüz eyni ölçmə üsulu ilə qanınızda şəkərin orta səviyyəsini mq/dl (desilitrdə milliqramlarla) göstərməyin digər bir yoludur.

Bəs əslində bu rəqəmlər pasiyent üçün nə deməkdir?

HbA1c-nin hədəf səviyyəsi hər bir şəxsin yaşından və digər amillərdən asılı olaraq fərqlənə bilər və sizin hədəf səviyyəniz digər şəxsə nisbətən fərqli ola bilər.

ADA əksər böyüklər üçün (hamilə qadınlar istisna olmaqla) HbA1c-nin hədəf səviyyəsinin 7%-dən az olmasını təklif edir. Sizin fərdi hədəf səviyyəniz daha yüksək və ya daha aşağı ola bilər. Lakin yadda saxlayın ki, həkiminiz sizin üçün fərdi plan hazırlayacaq və məhz sizə uyğun olan hədəf səviyyələrinizi təyin edəcəkdir.

HbA1c testinin nəticələri faizlə göstərilir. Faiz göstəricisi nə qədər yüksəkdirsə, deməli son iki-üç ayda qanda şəkərinizin səviyyəsi bir o qədər yüksək olmuşdur. HbA1c testi həmçinin aşağıdakı tövsiyələr əsasında diaqnozun qoyulması üçün də istifadə edilə bilər:

Əgər HbA1c səviyyəniz 5,7% ilə 6,5% arasındadırsa göstəriciniz prediabet diapazonundadır.

Əgər HbA1c səviyyəniz 6,5 % və daha yuxarıdırsa, göstəriciniz diabet diapazonundadır.

  • Qanınızda şəkərin səviyyəsini hansı tezliklə yoxlamalısınız?

    Siz və həkiminiz qanda şəkərin səviyyəsini nə zaman və hansı tezliklə yoxlamaq lazım olduğu barədə qərar verəcəksiniz.

    Şəkərli diabetin orqanizmə təsiri hər bir şəxs üçün fərqlidir və zaman keçdikcə dəyişir. Beləliklə, hansı dərmanı qəbul etdiyinizdən və həkiminizin məsləhətindən asılı olaraq, qanda şəkərin səviyyəsini yoxlama tezliyiniz dəyişə bilər.

    ADA-nın tövsiyələri əsasında aşağıdakı hallarda həkiminizlə əlaqə saxlamaq məsləhət görülür:

    • Xəstələnmisinizsə və 1-2 gün ərzində vəziyyətiniz yaxşılaşmırsa;
    • Peroral dərman qəbul edirsinizsə və yeməkdən əvvəl qanda şəkərin səviyyəsi ≥250 mq/dl və nə zaman yoxlamağınızdan asılı olmayaraq son 24 saatdan artıq müddətdə yüksək olaraq qalırsa.

    Mükəmməlliyə deyil, irəliləməyə fokuslanın

    Unutmayın ki, qanda şəkərin səviyyəsini hər zaman mükəmməl səviyyədə saxlamaq demək olar ki, mümkün deyil. Vaxtaşırı olaraq, qanda şəkərin səviyyəsi ya yüksək, ya da aşağı ola bilər.

    Qanda şəkər testlərinin nəticələrini həkiminizlə birlikdə nəzərdən keçirməyiniz qanınızda şəkərin səviyyəsinin həddən artıq yüksək və ya aşağı olmasının səbəblərini tapmaqda sizə kömək edə bilər. Beləliklə, nəzarətdə qalmaq üçün lazımi dəyişiklikləri edə bilərsiniz!

  • Tip 2 şəkərli diabet və yüksək qan şəkərinin nəticəsi olan hiperosmolyar hiperqlikemik sindrom (HHS)

    HHS çox ağır bir vəziyyətdir.

    Bu o zaman baş verir ki, qanda şəkərin yüksək səviyyəsi sidik ifrazının qeyri-adi artmasına səbəb olur. Bu, bədənin susuzlaşması ilə nəticələnə bilər.

    Qanınızda şəkərin səviyyəsi yüksəkdirsə, lakin bunun səbəbini bilmirsinizsə, tibbi yardım üçün müraciət etməlisiniz. Həkiminiz qanda şəkərin hansı səviyyəsinin və hansı simptomların HHS ilə əlaqəli olduğu barədə sizə məlumat verəcək.

    Hansı hallarda həkimə müraciət etməlisiniz?

    2-dən artıq testin nəticəsində qanda şəkərin səviyyəsi sizin hədəf səviyyənizdən yuxarıdırsa;

    • Xəstələnmisinizsə, qızdırmanız, ürəkbulanma və ya qusmanız varsa;
    • Cərrahi əməliyyat olunmağı planlaşdırırsınızsa və ya yaxınlarda əməliyyat keçirmisinizsə;
    • Qanınızda şəkərin səviyyəsinin nə səbəbdən həddən artıq aşağı və ya həddən artıq yüksək olması sizə məlum deyilsə.
  • Diabet “pazl”ı

    Bədəninizin müxtəlif orqanlarının tip 2 diabetin irəliləməsində roluna yaxından nəzər salın.

    Sizə elə gələ bilər ki, diabet zamanı sağlamlığınıza təsir edə bilən saysız-hesabsız amillər mövcuddur. Bu nəyə fokuslanmaq lazım olduğunu anlamaqda çətinlik törədə bilər. Buna nəzər salmağın daha asan yolu bədəninizi 7 hissədən ibarət bir pazl kimi təsəvvür etmək ola bilər.

    Gəlin, tip 2 şəkərli diabet zamanı bədəninizdə nələrin baş verdiyini daha yaxşı başa düşmək üçün hər bir pazl hissəsi ilə yaxından tanış olaq.

    1. Mədə-bağırsaq traktı

    Mədə-bağırsaq traktı mədə və bağırsaqlardan ibarətdir. Siz qida qəbul edərkən inkretinlər (qlükaqonabənzər peptid-1 [GLP-1] və mədənin inhibitor peptidi [GİP] kimi hormonlar) ifraz olunur. Bu hormonlar qlükozanın mənimsənilməsinə kömək edir və eləcə də orqanizm tərəfindən qlükozanın artıq istehsalını ləngidir (inkretin effekti). Tip 2 diabet zamanı GLP-1-in çatışmazlığı və GİP-in təsirinə qarşı rezistentlik səbəbindən inkretin effektinin azalması müşahidə olunur. Bu, insulinin səviyyəsinin azalması və qanda şəkərin artması ilə nəticələnir.

    2. Mədəaltı vəzi

    Mədəaltı vəzi insulini ifraz edən orqandır. İnsulin qlükozanı qan dövranından enerji əldə etmək üçün bədənin hüceyrələrinə daşıyır. Bu proses qanda şəkərin səviyyəsini normal səviyyəyə gətirir. Mədəaltı vəzidə həmçinin qlükaqon hormonu istehsal olunur. Qlükaqon qanda şəkərin səviyyəsini tarazlaşdırmağa kömək etmək üçün qaraciyərdən şəkərin qana buraxılmasını təmin edir. Şəkərli diabet zamanı mədəaltı vəzi daha az insulin və daha çox qlükaqon sekresiya edir ki, bu da qanda şəkərin səviyyəsinin yüksəlməsinə səbəb olur.

    3. Əzələlər

    Əzələləriniz enerjini qlükozadan əldə edir. Lakin tip 2 şəkərli diabet zamanı insulin şəkəri əzələ hüceyrələrinə çətinliklə çatdırır. Bu vəziyyət insulinə qarşı rezistentlik adlandırılır. Qanda insulinin səviyyəsi kifayət qədər olmadıqda, şəkər əzələləri qidalandırmaq üçün onlara daxil ola bilmir. Zaman keçdikcə, qlükozanın çatışmazlığı əzələ hüceyrələrinin məhv olmasına səbəb ola və nəticədə əzələ kütləsinin itirilməsinə gətirib çıxara bilər.

    4. Qaraciyər

    Əgər sizdə tip 2 şəkərli diabet varsa, mədəaltı vəziniz normadan artıq miqdarda qlükaqonu qana buraxa bilər. Bu da öz növbəsində, qaraciyərin qana daha çox şəkər buraxmasına səbəb olur ki, nəticədə qanda şəkərin səviyyəsi yüksəlir.

    5. Beyin

    Beynin hipotalamus adlanan hissəsi qəbul etdiyiniz qidanın miqdarını tənzimləməyə kömək edir, orqanizminizin insulinə qarşı həssaslığına, eləcə də bədəninizdə qlükozanın və yağların metabolizminə təsir edir. Tip 2 şəkərli diabeti olan insanlarda beynin siqnal sistemində dəyişikliklər baş verə bilər ki, bu da beynin insulin və GLP-1 kimi siqnallara daha az reaksiya verilməsi ilə nəticələnə bilər.

    6. Piy toxuması

    Əgər artıq çəkiniz və /və ya tip 2 şəkərli diabetiniz varsa, əzələ və qaraciyər hüceyrələri kimi, piy hüceyrələri də insulinə qarşı rezistent (yəni həssaslığın pozulması və ya daha az həssaslıq) ola bilər. Bu, qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Sağlam qidalanma, fiziki fəallıq və sağlam çəkinin qorunub saxlanması piy hüceyrələrindən xilas olmağınıza kömək edə və sizin üçün faydalı ola bilər.

    7. Böyrəklər

    Böyrəklərin vəzifələrindən biri ehtiyat enerjini itirilməkdən qorumaq üçün şəkəri qana reabsorbsiya (geriyə sovrulma) etməkdir. Tip 2 şəkərli diabet zamanı böyrəklər normadan artıq şəkəri qana reabsorbsiya edir və qanda şəkərin səviyyəsini nəzarət altında saxlamaq çətinləşir. Bu pazlın bütün 7 hissəsinin birlikdə necə işlədiyini anlamaq sizdə diabet haqqında tam təsəvvür yaradacaq. Hər hansı suallarınız varsa, həkiminizdən soruşun.

Diabetə qayğı komandası

Müalicəyə yeni başlamağınızdan və ya şəkərli diabetlə uzun illər yaşamağınızdan asılı olmayaraq müalicə planının tərtib edilməsi doğru yolda addımlamağınıza kömək edə bilər.

Diabet hər bir insan üçün müəyyən bir çətinlikdir. Buna görə diabetinizi idarə etməkdə tək olmadığınızı unutmamağınız çox vacibdir.

Kömək etməyə hazır olan müxtəlif profilli həkimlər var. Onlar sizin diabetə qayğı komandanızı təşkil edirlər. Bu komandaya aşağıdakı mütəxəssislər daxil ola bilər:

  • Endokrinoloq;
  • Ailə həkimi;
  • Diabet təlimçisi;
  • Diyetoloq;
  • Ürək həkimi;
  • Podoloq (ayaq həkimi);
  • Göz həkimi;
  • Böyrək həkimi;
  • Diş həkimi;
  • Əczaçı;
  • Psixoloq.

Məqsədinizə nail olmaq üçün öz qayğı planınızı tərtib etdiyiniz zaman sözügedən mütəxəssislərlə, xüsusilə də endokrinoloqunuzla sıx əlaqə saxlayın.

  • Hədəfə doğru irəliləyin

    Haraya getdiyinizi bilmək və oraya gedib çatmaq üçün motivasiyanı qoruyub saxlamaq çox vacibdir.

    Bir addım geriyə çəkilərək diabetinizin müalicəsində nələrin yolunda getdiyini, nələrin isə getmədiyini düşünmək yaxşı bir fikir ola bilər. Məsələn, ola bilsin ki, dərmanların qəbulu ilə bağlı artıq gündəlik bir rejiminiz var, lakin qanda şəkərin yoxlanması üzrə testləri hələ də gün rejiminizə uyğunlaşdıra bilmirsiniz. Hədəflərinizi həkiminizlə birlikdə müəyyən edin.

    Diabet zamanı özünə qayğı hədəflərinin müəyyən edilməsi üçün 4 məsləhət

    Qan şəkərinin səviyyəsinin yoxlanması və qan şəkərinin hədəf səviyyələrinin təyin edilməsi barədə həkiminizlə mütləq danışın. Siz və həkiminiz birlikdə aşağıdakıları edə bilərsiniz:

    • Hədəfləri aydın və spesifik edin. Məsələn, "Mən gündə bir dəfə səhər qanda şəkər səviyyəsini yoxlayacağam."
    • Qarşınıza real hədəflər qoyun. Əgər siz qanda şəkər səviyyəsini həftədə bir dəfə yoxlayırsınızsa, birdən-birə onu gündə 4 dəfə yoxlamaq öhdəliyi sizin üçün çətin ola bilər.
    • Müəyyən vaxt çərçivələrini təyin edin. Bu, sizə hədəflərinizə fokuslanmağa, onlardan geri qalmamağa və onları təxirə salmamağa kömək edəcək — özünüzə bir və ya iki həftə vaxt verin, daha sonra işlərin necə getdiyini qiymətləndirin.
    • Vacib hesab etdiyiniz hədəfləri seçin. Həkiminizin hədəfi nə səbəbdən tövsiyə etdiyinə əmin deyilsinizsə, bunu öyrənmək üçün ona suallar verin.

    Motivasiya vacibdir

    Sizi sağlam dəyişikliklərə həvəsləndirən amillər barədə düşünün.

    Sizi nələrin motivasiya etdiyini yazın və tez-tez gördüyünüz bir yerə yerləşdirin. Məqsədə çatdıqdan sonra, bu gün nələr hiss etdiyinizə diqqət yetirin. Öz məqsədinizə doğru atdığınız kiçik bir addımla hədəflərinizdən birinə çatmaq hissi ən yaxşı motivator ola bilər!

  • Tip 2 şəkərli diabeti olan insana dəstək

    Diabeti olan insana yaxşı dəstək olmaq üçün bəzi məsləhətlərlə tanış olun.

    Yaxın bir insana diabetə nəzarət etməkdə kömək edirsinizsə, demək, siz onun qayğı tərəfdaşısınız. Nə üçün biz "qayğı tərəfdaşları" deyirik? Çünki "qayğı tərəfdaşları" sizin bu yolda birlikdə olduğunuzu bildirir.

    Beləliklə, qayğı tərəfdaşı olmaq nə deməkdir? Bu, yaxın insana gündəlik ehtiyaclarında yardım etmək deməkdir. Məsələn:

    • Dərmanları əldə etmək;
    • Dərman qəbulunu xatırlatmaq;
    • Birlikdə həkim qəbuluna getmək;
    • Yemək hazırlamaq.

    Həmin insana ehtiyacı olduğu zaman emosional yardım da etmək olar. Bəzən, sadəcə danışa biləcəyi bir insanın olması diabetlə yaşayan insanın ən çox ehtiyac duyduğu bir şey ola bilər.

    Başqalarına necə qayğı göstərməli?

    Qayğı planını hazırlamaq üçün aşağıdakı 4 addıma riayət edin:

    • Yeməklər
    • Şəkərli diabeti olan yaxın adamınıza nəyi, nə zaman və nə qədər yemək lazım olduğunu balanslaşdırmağa kömək edin. Bu şəkildə qidalanmaq sizin də daha sağlam olmağınıza kömək edə bilər! Kiçik dəyişikliklərdən başlayın. Sadə, sağlam qidalara keçməyə cəhd edin, məsələn ağ düyünü qəhvəyi düyü ilə əvəz edin.
    • Fiziki aktivliyinizi qoruyun
    • Gün rejiminizə uyğun olan fiziki aktivlik planını birlikdə işləyib hazırlayın. Yaxın adamınızın fiziki aktivlik planına başlamazdan əvvəl öz həkimi ilə məsləhətləşdiyindən əmin olun.

    Fiziki aktivlik planınıza aşağıdakı 3 sadə addımla başlayın:

    1-ci addım: Fiziki aktivlik planına başlamazdan əvvəl onun həkimi ilə danışın.

    2-ci addım: Yaxın adamınıza fiziki aktivlik növünü seçməkdə kömək edin. Kiçik aktivlik növlərindən, məsələn, hər gün şam yeməyindən sonra gəzintidən başlayın.

    3-ci addım: Qarşınıza məqsəd qoyun və bu məqsədə birlikdə nail olmağı razılaşın.

    • Dərmanların qəbulu
    • Əgər yaxın adamınız dərman qəbul etməyə başlayıbsa, ona həkimin təyin etdiyi müalicə planına əməl etməsinə kömək edin. Şəkərli diabetin müalicəsi üçün müxtəlif dərmanlar mövcuddur və onlar barədə öyrənmək yardım prosesinə daha çox cəlb olunmağınıza kömək edə bilər. Yaxın adamınızın qəbul etdiyi dərmanları və dərmanların istifadə təlimatlarını izləməklə onun öz müalicə planını yerinə yetirməsinə kömək edin.
    • Qanda şəkərin səviyyəsinin yoxlanması
    • endensiyaları aşkara çıxarmaq üçün yaxın adamınızı qanda şəkərin səviyyəsini mütəmadi olaraq izləməyə həvəsləndirin. Göstəricilərin qeyd edilməsi müalicə planının nə dərəcədə effektiv olduğunu anlamaqda həkimə kömək edəcək.

    Qanda şəkərin səviyyəsini izləməyin vərdiş halına gətirilməsinin asan yollarından biri bu prosesi hər gün edilən bir işlə uyğunlaşdırmaqdır. Məsələn, yaxın adamınıza səhər yeməyinin hazırlanması ilə birgə qanda şəkərin səviyyəsinə nəzarəti uyğunlaşdırın.

    Özünüzə necə qayğı göstərməlisiniz?

    Əgər diabeti olan şəxslərə qayğı göstərən milyonlarla insandan birisinizsə, bəlkə də öz ehtiyaclarınızı ikinci plana atırsınız. Lakin başqalarına yaxşı qayğı göstərmək üçün özünüzə də yaxşı qayğı göstərməlisiniz.

    Dəstək olmaq sizə necə təsir edə bilər?

    Sizin aşağıdakı narahatçılıqlarınız ola bilər:

    • Doyunca yatmamaq;
    • Yaxşı qidalanmamaq;
    • Fiziki cəhətdən aktiv olmamaq və s.

    Yaxın adamınızın qayğı planı olduğu kimi, sizin də qayğı planınız olmalıdır. Planınızı qurarkən nəzərə almalı olduğunuz bəzi məqamlar bunlardır:

    • Stresin idarə edilməsi: Stresin idarə edilməsi bir çox yolla mümkündür. Sizdə stresə səbəb olan məqamlara diqqət yetirin. Siz onları nə qədər erkən aşkara çıxarsanız, bir o qədər tez tədbir görə bilərsiniz.

    Stresin aradan qaldırılması üçün bəzi məsləhətlər

    • Sağlamlığınıza diqqət yetirin;
    • Özünüzə vaxt ayırın: Gün ərzində, zövq aldığınız işlə məşğul olmaq, məsələn, kitab oxumaq və ya hobbiniz üzərində işləmək üçün vaxt ayırmağa çalışın;
    • Kömək üçün müraciət edin: Siz tək deyilsiniz. Ailənizdən və dostlarınızdan kömək istəməyə çəkinməyin.